Azərbaycan hərbçiləri bir sıra beynəlxalq təlimlərdə iştirak edəcək
Azərbaycan hərbçiləri beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsində iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan hərbçiləri 23-26 avqust tarixlərində Almaniyanın Potsdam şəhərində keçiriləcək "Beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və "ISAF" əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr" mövzusunda seminarda iştirak edəcəklər.
Onu da bildirək ki, sözügedən seminar Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən təşkil olunacaq.
Eyni zamanda Azərbaycanın 99 hərbçisi Rumıniyada "Qara Dəniz Rotasiya Qüvvəsi 2011" çoxtərəfli təlim məşqlərində iştirak edir. ABŞ-ın Azərbaycandakı səfirliyindən SİA-ya verilən xəbərə görə, açıqlamada deyilir: "31 iyul tarixində Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun 99 əsgəri 2 ABŞ hərbi təyyarəsi ilə Konstantaya, Rumıniyaya yola düşüblər. Orada iyulun 30-dan avqustun 12-dək onlar "Qara Dəniz Rotasiya Qüvvəsi 2011" çoxtərəfli təlim məşqlərində iştirak edəcəklər. Qoşunları Bakı yaxınlığındakı "Nasosnaya" hava bazasından ABŞ Səfirliyinin Müdafiə Attaşesi polkovnik Daniel Grillon və Müdafiə Nazirliyinin rəsmiləri yola salıblar. Bu, ilk dəfədir ki, azərbaycanlı əsgərlər Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində iştirak edirlər. Burada onlar Rumıniya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Albaniya, Yunanıstan, Montenegro və Xorvatiya da daxil olmaqla 12 NATO əməkdaş ölkələri ilə birgə sülhməramlı və qiyama qarşı əməliyyat təlimlərində iştirak edəcəklər. Təlimlərə nəzarəti Kaliforniya ştatının San Diego şəhərindən 4-cü Birləşmiş Ştatlar Dəniz Qüvvələri Korpusunun nümayəndələri həyata keçirəcəklər".
Məlumatda qeyd olunur ki, bu yerləşdirmə ABŞ səfirliyinin Müdafiə Attaşesi idarəsi, ABŞ Avropa Komandanlığı və Azərbaycanın Müdafiə Nazirliyi arasında bir ildən çox davam edən birgə planlaşdırmanın nəticəsidir. Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində əldə edilən təcrübə Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun qiyama qarşı əməliyyatlar aparmaq səriştəsini və NATO qüvvələri ilə qarşılıqlı əməliyyat aparma qabiliyyətini gücləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB