Məlahət İbrahimqızı: "Bu gün siyasi vassal, forpost rolunda olan Ermənistan hansı haqla ərazi iddiası ilə çıxış edir" - MÜNASİBƏT
Müsahibimiz millət vəkili Məlahət İbrahimqızıdır
- Məlahət xanım, Serj Sarkisyanın Azərbaycan torpaqlarını işğal etmələrinə haqq qazandırıb, Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsini bir daha Ermənistan prezidentinin bölgədə sülhə, barışa qarşı olmasının təsdiqi kimi dəyərləndirmək olarmı?
- Bir dövlət başçısının gənclərlə görüşündə gəncləri sülhə deyil, müharibəyə, savaşa səsləməsinə heç cür daxili auditoriyaya hesablanan populist fikir kimi qiymətləndirmək olmaz. Bu cür fikirlər adi vətəndaşlara da yaraşmaz. Ancaq dərinliyə varanda, "küçə təfəkkürlü S.Sarkisyandan hər cür alçaq hərəkət gözləmək olar" qənaətini möhkəmləndirmək olar. Nəzərə almaq lazımdır ki, Sarkisyan həm də işğalçı təfəkkürə malik olan bir dövlət başçısıdır. Tənəzzülə, uçuruma uğrayan ölkəsini iflasdan xilas etmək əvəzinə, işğalçılıq siyasətini genişləndirmək arzusu ilə yaşayır. Ona görə də, Sarkisyan bu gün erməni millətini uçuruma, məhvə aparır. Belə dövlət başçısı olmaz. Artıq Ermənistan gələcəyi olmayan bir ölkədir. Vəziyyət bu cür davam etsə, müəyyən bir dövrdən sonra Ermənistan bir dövlət kimi də dünya xəritəsindən silinəcək. Bu gün işğalçı Ermənistanın konstitusiyasında başqa bir dövlətin ərazisinə qarşı iddialarını reallaşdırmaq öz əksini tapıb. Hətta ermənilərin "gerbində" belə Türkiyə ərazisi olan Ağrı dağının rəsmi əks olunub. Bununla da ermənilər bir daha işğalçı siyasətə malik olduqlarını açıq-aydın sübut edirlər. Bütün Ermənistan Türkiyənin çox balaca bir ərazisi həddindədir.
- Sarkisyanın torpaq iddiası erməni xəstəliyi sayıla bilərmi?
- Əlbətdə, S.Sarkisyanın sağlam olmasına şübhələr var. Çünki normal düşüncəyə malik insan ciddi qüsurlara yol verməz. Əgər Sarkisyan xəstə bir insandırsa, onda bu, erməni xalqını ciddi şəkildə düşündürməlidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdə olarkən Sarkisyanın ərazi iddiası ilə bağlı bəyanatına öz qəti münasibətini bildirdi. Hesab edirəm ki, işğalçı, təcavüzkar düşüncəyə malik olan dövlətə və dövlət başçısına qarşı yüksək səviyyədə beynəlxalq birlik tərəfindən cavab verilməlidir. Hər birimiz Ermənistan prezidenti S.Sarkisyanın məlum sərsəm çıxışına qarşı sərt mövqeyimizi ortaya qoymalıyıq.
- Ola bilərmi ki, Ermənistana havadarlıq edən Rusiya və digər dövlətlər Serj Sarkisyanı belə məsuliyyətsiz fikirlər səsləndirməyə təhrik etsin?
- Ermənistan Rusiyanın həm siyasi vassalı, həm də forpostudur. Bu, bir reallıqdır. Ermənistan dövləti yarandığı ilk gündən etibarən həmişə başqaları üçün bir oyuncaq və alət olub. Başqalarının dəstəyi və yardımı ilə yaşayıb. Tarix boyu bu, belə olub. Son yüzillikdə də bunun daha qabarıq formasını görməkdəyik. Ermənistan, sadəcə olaraq, yalnız sözdə və hansısa bir boş kağız parçasında müstəqil dövlət kimidir. Əslində isə, bu, həqiqətdə heç də belə deyil. Çünki zaman-zaman başqa dövlətlərin əlaltısı olub. Amma bununla belə S.Sarkisyanın dəstəkləndiyi qüvvələr tərəfindən belə bəyanat yaymasını düşünmürəm. Çünki Sarkisyan normal düşünmə qabiliyyətinə malik deyil. Belə bir xəstə insan da hər cür ağılsız və sərsəm ifadələr səsləndirə bilər. Amma bütün hallarda Ermənistan prezidenti öz danışığını bilməlidir. Bu gün işğalçı ölkənin bütün sahələrdə tənəzzülə uğraması göz önündədir. Təbii ki, erməni xalqı da bundan çox əziyyət çəkir. Türkiyə böyük, NATO kimi təşkilatın qurucusu olan bir dövlətdir. Dünyada tutduğu mövqeyi, nüfuzu göz qabağındadır. Ermənistanla Türkiyə qətiyyən müqayisə olunmayacaq dərəcədədir. Sarkisyanın bu tip qondarma oyunları Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bir dərs olmalıdır. Hər dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri lazımsız bəyanatlar verməklə kifayətləniblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində indiyə qədər heç bir real addım atmayıblar. Minsk Qrupunun həmsədrlər bütün faktları, Ermənistanın qeyri-konstruktiv davranışlarını nəzərə alıb konkret və ədalətli bir mövqe sərgiləməlidir. Bu gün humanizmdən, insan hüquqlarından, ədalətdən danışan Avropa Birliyi, ABŞ kimi dünyanın supergüc dövlətləri buna öz münasibətlərini ən kəskin formada bildirməlidir. Sarkisyan həm də belə bəyanatlarla gənclərin beynini zəhərləyir, onları indidən müharibəyə təhrik edir. Bütün dünya üçün Serj Sarkisyan təhlükəli faktordur. Çünki dünyaya işğalçılar, terrorçular yetişdirir. Artıq indidən erməni yeniyetmələrinin arasında gələcəyin qatili və terrorçusu yetişir.
- Beynəlxalq birliyin Sarkisyanın başqa dövlətlərə ərazi iddiaları ilə çıxış etməsinə reaksiya verməmələri təəccüb doğurmur ki?
- Düşünürəm ki, beynəlxalq birlik ikili standartlardan əl çəkməlidir. İşğalçı dövlətə qarşı bütün beynəlxalq birlik və aparıcı dövlətlər öz qəti mövqeyini birmənalı şəkildə bildirməlidir. Ermənistana qarşı çox ciddi sanksiyalar tətbiq olunmalı, təsir və təzyiq rıçaqları işə salınmalıdır. Çünki işğalçı Ermənistan cəzasız qalarsa, daha böyük terrora imza atacaq və işğalçı bəyanatlarından əl çəkməyəcək.
- Bəs Ermənistanın baş naziri Tiqran Sarkisyanın Azərbaycanın təmas xəttinə atəş açması ilə bağlı nə deyərdiniz?
- Ümumiyyətlə, Sarkisyanın timsalında Ermənistanın hakim elitasında oturan hər bir erməni işğalçı təfəkkürə malikdir. Mahiyyət etibarı ilə Sarkisyan və Ohanyan kimilər eyni cani qruplardır. Bir tərəfdən Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin "sülh yolu ilə həllinin" tərəfdarı olduğunu vurğulayır, digər tərəfdən də Ermənistanın baş naziri T.Sarkisyan Azərbaycanın təmas xəttinə atəş açır. Hər halda, beynəlxalq birlik baş verən bu proseslərə öz qəti mövqeyini sərgiləməlidir.
AYLANA RZAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB