Hacı Camaləddin: “Oruc tutan insanın yanında yemək yeyilməsi mədəniyyətsizlikdir”- MÜSAHİBƏ (SƏS TV)

Hacı Camaləddin: “Oruc tutan insanın yanında yemək yeyilməsi mədəniyyətsizlikdir”- MÜSAHİBƏ (SƏS TV)

Dinşünas Hacı Teymur Quliyev və Bakı İslam Universitetinin məzunu, ilahiyyatçı Hacı Camaləddin Ələkbərovun SƏS TV-yə müsahibəsi:

- Ramazan ayının 3-cü günüdür. Müqəddəs Ramazanı bir cümlə ilə necə tərif edə bilərsiniz?

- Hacı Teymur: Ramazan sözünün hərfi mənasına nəzər salsaq, görərik ki, bu söz ərəb dilindən tərcümədə ocaqda al- qırmızı rəngə qədər qızdırılmış daşlar deməkdir. O daşlar ki, insanların günahlarını, lazımsız əməllərini, yəni insana yük olan artıq bir şeyi yandırıb kül edər. Bununla yanaşı, oruc o deməkdir ki, Ramazan ayın adıdır, oruc isə əməlin bilavasitə ibadət növünün öz adıdır.

- Kimlər oruc tuta bilməz və ya sağlam olub da oruc tutmayanların kəffarisi nə olacaq?

- Hacı Camaləddin: Allah "Quran-i Kərimdə" buyurub ki, kimin bədəni xəstədirsə, onlar oruc tutmasınlar. Ancaq bunun qarşılığında isə ac olan bir yazığı yemədiyin yeməyinlə doyuzdurmalısan.

- Hacı Teymur: Üzrlü səbəblərdən oruc tutmamaq olar. İslam dini onlara rüsxət verib. Allah onlara mərhəmət edir. Lakin bilərəkdən orucunu pozan və ya allahın əmrinə xor baxan ilahi qanunlarla kəffarəsi var. Kəffarəsi isə 60 acı doydurmaqdır.

- Elə insanlar da var ki, oruc tutub namaz qılmırlar. Bu düzgündürmü?

- Hacı Camaləddin: Əgər bir insan oruc tutub da namaz qılmırsa, ona demək olmaz ki, sən düzgün etmirsən. Belə bir şey yoxdur. Sadəcə həmin şəxs müsəlmanlar üçün lazım olan 10 şərtdən birinə əməl edir. Ancaq bütün şərtlərə əməl etsə, daha yaxşı olar. Hətta onu da qeyd edim ki, bəzilərini sırf oruc tutub da namaz qılmamaq səbəbindən islamdan uzaqlaşdırmağa çalışırlar.

- Bəzi insanlar da var ki, oruc tutmayıb yaxşılıq edərəkdən özlərinə haqq qazandırırlar. Bu nə dərəcədə düzgündür?

- Hacı Teymur: bu bəndə səlahiyyətinin müəyyən dərəcədə yerinə yetirməsidir. Allahın sevgisindən sui- istifadə edib də öhdəmizə düşən vacib əməllərin hər birində \"mənim ürəyim təmizdir\", \"allah məni bağışlayar\" demək yəqin ki bəndəyə yaraşmaz.

Hacı Camələddin: Ürək o zaman təmiz olar ki, allahın buyurduqlarına əməl edəsən. Sadəcə yeganə aydır ki, allah günahları bağışlayır.

- Oruc tutan insanın yanında yemək yeyilməsi düzgündürmü?

- Hacı Camaləddin: Oruc tutan insanın yanında yemək yeyilməsi mədəniyyətsizlikdir. O zaman oruc tutanın fikrini yeməyə yönləndirirsən. Bu da öz növbəsində günahdır.

Bütün xəbərlər Facebook səhifəmizdə