Prezident İlham Əliyevlə Türkiyənin baş naziri birgə bəyanatla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı:
- Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
Rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə
münasibətilə Sizi bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən bir ay
sonra Azərbaycana – doğma vətəninizə səfər edirsiniz.
Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji
xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən
həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi
maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf
edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və
etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər
yaxınıq.
Bu gün biz gündəliyimizin, demək olar ki, bütün məsələlərinə toxunduq, geniş
fikir mübadiləsi apardıq. Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək
səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl
perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət
dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü
təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan
şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə
iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə
neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə
tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur
layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların
fəaliyyətindən çox razıyıq.
Bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu
işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin
düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti
aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər.
Xocalı genosidi törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi
bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas
beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa
Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və
qətnamələr bu məsələnin həlli üçün əsasdır.
Eyni zamanda, bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
ilə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə-Azərbaycan əməkdaşlığının bu
sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu
yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar
bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının
əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz
mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq
PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu
kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün
formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə
qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz
səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi,
terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.
Biz bu gün, təbii ki, enerji məsələlərinə də toxunduq. Bildiyiniz kimi, bu
əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz
kəmərləri uğurla fəaliyyət göstərir. Gələcək perspektivlər haqqında fikir
mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan
məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək
əməkdaşlıq da uğurlu olacaq.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer
tutur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm
ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800
milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn
ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin.
Bir daha demək istəyirəm ki, bütün sahələrdə bizim aramızda əməkdaşlıq yüksək
səviyyədədir. Biz ümid edirik ki, gələcəkdə bu templər saxlanacaq və
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf
edəcək.
Sağ olun.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatı:
- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev,
Dəyərli mətbuat nümayəndələri!
Əvvəlcə Sizi bu mənalı görüşdə ən səmimi hisslərimlə salamlayıram.
Bildiyiniz kimi, 12 iyun 2011-ci il tarixində biz millət vəkili seçkilərini
həyata keçirdik. Ənənəvi olaraq seçkilərdən sonra Türkiyə Respublikasında
hakimiyyətə gələn iqtidar ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr
Türk Respublikasına edirlər. Bu, bizim ənənəmizdir.
Bu il də biz seçkilərdən sonra 1974-cü ildən bəri 37-ci ildönümünü qeyd
etdiyimiz Şimali Kipr Türk Respublikasının müstəqillik mübarizəsinin 20 iyula
təsadüf etdiyi üçün ilk səfərimizi oraya, ikinci xarici səfərimizi bu gün
Azərbaycana həyata keçirdik.
Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən
keçirmək fürsətimiz oldu, regional məsələləri nəzərdən keçirmək imkanımız oldu.
Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə
etdik. Amma ən önəmlisi, təbii ki, Dağlıq Qarabağ mövzusunu təkrar müzakirə
etmək fürsətimiz oldu. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz,
mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir
qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır.
Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər
təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.
Təbii ki, hərbi, siyasi, iqtisadi, ticari, mədəni – bütün bu sahələrdən söhbət
gedərkən biz burada öz evimizdə, öz Vətənimizdə olduğumuzu hiss edirik və
bunları belə dəyərləndiririk. Bundan sonrakı proses istiqamətində atacağımız
addımlar içərisində xüsusilə Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli
Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz
toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk
addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq.
2010-cu ildə xarici ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olmuşdur.
Ancaq bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə, inşallah, bu ilin sonunda 3 milyard dollara çata bilərik.
Bütün bunlarla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrində təbii qaz xətti, Bakı-Tbilisi-Ceyhan
neft boru kəməri böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, inşallah, "Şahdəniz-2" ilə bağlı atılacaq addımlar
iki qardaş ölkənin strateji addımı olacaqdır. Bu məsələdə də qardaşımla
aramızdakı razılığımız açıq-aşkar ortadadır. Məsələ ilə əlaqədar biz
müzakirələr apardıq və enerji nazirlərimiz də fəaliyyətlərini davam
etdirəcəklər.
Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi,
həqiqətən Qars-Tbilisi-Bakı dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Bunun
davamı vardır. Bu, işin ilk mərhələsidir və biz onu daha da irəliyə - Orta
Asiyaya çatdırmağı hədəf qoymuşuq. Belə bir hədəf, belə bir böyük layihə,
hazırda onun məmnunluq doğuran bir sürətlə həyata keçirilməsi də bizi strateji
olaraq bir-birimizə bağlayır. Bunu da ifadə etməyi lazım bilirəm.
Bir az əvvəl dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK
terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür
edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir.
Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada
terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə
platformasının formalaşdırılması lazımdır.
Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına
qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək
yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət
verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə
bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş
verənlər onların korazehinliyinin əvəzidir. Bəlkə orada bizim də bir qızımız
həlak oldu. Dünən anası və atası ilə danışdım, hələ də bir ümid gözləyirlər,
qızlarını gözləyirlər. Biz də ümid edirik ki, inşallah, ölməmişdir, inşallah,
anasına, atasına, eləcə də millətimizə qovuşar, amma ölmüşdürsə, ona Allahdan
rəhmət diləyirəm.
Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında
əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın
sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim
sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq.
Sahibkarlarımızın Azərbaycandakı yatırımları bizdə yenə məmnunluq doğurur. Bu
barədə hörmətli Prezidentin fikirləri şübhəsiz ki, buradakı prosesi daha yaxşı
əks etdirir. Buna görə də həqiqətən məmnunluq keçiririk.
Mən bugünkü səfərimizin çox səmərəli olduğu fikrindəyəm. Heyətlərimiz
arasındakı görüşlər də çox səmərəli şəkildə nəticələndi. Qarşıdakı mərhələnin
də çox səmərəli olacağı qənaətindəyəm.
Mən bütün mətbuat nümayəndələrinə - dostlarıma minnətdarlığımı bildirirəm,
təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB