Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Heydər Əliyev Fondunda olub. SİA-nın məlumatına görə, burada Polşa dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun
məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli
liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi,
humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin
inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüş və
onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif
eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Polşa Respublikasının Prezidentinə məlumat verilib ki,
ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli
səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz
uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər
məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını
əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri
hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil
Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici
ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək
sözlərini yazıb. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olunub.
Qonağın Fonddan zəngin təəssüratla ayrıldığə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB