Əfqanıstanda qəzaya uğramış təyarənin ekipaj üzvlərinin cəsədləri tapılıb

Əfqanıstanda qəzaya uğramış təyarənin ekipaj üzvlərinin cəsədləri tapılıb

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması üçün DNT ekspertizasının aparılması məqsədilə həlak olanların qohumlarından analizlər götürülür. SİA-nın məlumatına görə, bu barədə hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü Adil Qasımov bildirib.

\"DNT ekspertizası nəticəsində tanınması mümkün olacaq cəsədlər qohumlarına veriləcək. Tanınması mümkün olmayanlar itkin düşmüş elan ediləcəklər\", - \"Silk Way\" aviaşirkəti direktorunun müşaviri A. Qasımov deyib.

Onun sözlərinə görə, ekipaj üzvlərinin meyitləri yaxın vaxtlarda Bakıya gətiriləcək.

Dünən axşam Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyinin nümayəndəsi Trend-ə bildirib ki, Azərbaycanın \"Silk Way\" aviaşirkətinin İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb və onlar hazırda Kabil şəhər xəstəxanasındadırlar.

9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə