Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib - FOTO

Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib - FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov çıxışına sözügedən dövrün xarakterik xüsusiyyətləri barədə məlumat verməklə başlayıb. "Stalinin ölümündən sonra cəmiyyətdə mülayimləşmə başlamışdı. Bununla belə totalitar mahiyyət yenə də qalırdı. Məhz belə bir dövrdə bu gün burada bizimlə toplaşanlar - sizlər üzərinizə böyük məsuliyyət götürdünüz. Fikir və düşüncələrinizi çatdırdınız. Həmin düşüncələr tədricən daha iti xarakter almağa başladı. Məhz 60-cı illər jurnalistikasını təmsil edən şəxslərin gərgin əməyinin, fədakarlığının nəticəsi idi ki, ana dilimiz öz varlığını qoruyub saxladı", - deyə o vurğulayıb.

Ötən əsrin 60-cı illərinin jurnalistlərinin respublikanın ictimai həyatındakı aktiv roluna toxunan Ə.Amaşov bildirib ki, onların özləri, həmçinin şinellərindən çıxan qələm sahibləri 80-cı illərinin sonlarına doğru başlanan xalq hərəkatında da fəal mövqe nümayiş etdiriblər: "Mətbuat Şurası Milli Mətbuat Günü ərəfəsində bu toplantının təşkili ilə sizlərin fədakar əməyini bir daha vurğulamağı özünə borc bilir. Hesab edirik ki, sizlər 136 yaşlı mətbuatımızın canlı əfsanələri, dövrün salnaməçilərisiniz. Gərgin əmək və zəhmətinizin neçə-neçə jurnalist nəslinin formalaşmasında əvəzedilməz rolu var".

Əməkdar jurnalist Yusif Kərimov görüşdə iştirak edən qələm sahiblərini Azərbaycan mətbuatı tarixində böyük iz buraxmış şəxsiyyətlər kimi dəyərləndirib. "Bizim tələbəlik illərimiz eyni vaxtlara təsadüf etdiyinə görə, bu sənətin ağrı-acısını da birgə yaşamışıq. Sevincli və kədərli günlərimiz olub. Amma heç vaxt ruhdan düşməmişik. Peşəmizə, qələmimizə sadiq olmuşuq. Çətinliklərin öhdəsindən gəlməyə yardımçı olan hisslər aramızdakı həmrəylik, dostluq və qardaşlıq yaradıb", - deyə o bildirib.

Jurnalistikanın şərəfli iş olduğunu deyən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə bildirib ki, onun öhdəsindən gəlmək üçün peşəni sevmək vacibdir. "Təəssüf ki, son zamanlar jurnalistika təhsilində qabiliyyət imtahanları tətbiq olunmadığına görə tələbələr arasında bu fakültəyə təsadüfən düşənlər olur. Jurnalistika cəmiyyəti öz arxasınca aparmalıdır. İndiki dövrdə isə jurnalistika onun arxasınca gedir. Bu, müsbət hal deyil və təəssüf doğurur. Lakin bütün problemlərə baxmayaraq, Azərbaycan jurnalistikası parlaq bir tarixə malikdir. Bu tarixi yaşatmaq üçün biz qocaman jurnalistlərin üzərinə böyük məsuliyyət düşür", - deyə Y. Əlizadə bildirib.

Daha sonra 60-cı illər jurnalistikasının aşağıda adları çəkilən nümayəndələrinə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.

1. Yalçın Əlizadə

2. Yusif Kərimov

3. Əlikram Abdullayev

4. Zöhrab Zeynalov

5. Namiq Abbasov

6. Əlövsət Bəşirov

7. Dilarə Vəkilova

8. Arif Hüseynov

9. Ələkbər Abbasov

10. Aydın Əliyev

11. Altay Zahidov

12. Nahid Hacıyev

13. Mais Məmmədov

14. İlyas Adıgözəlov

15. Telman Əliyev

16. Telman Qarayev

17. Firidun Rəsulov

18. Ələsgər Cabbarov

19. Elmira Əliyeva

20. Şükufə Tağızadə

21. Ağahüseyn Hüseynov

22. Akif Rüstəmov

23. Mahmud Mahmudov

24. Əlirza Balayev

25. Fazil Rəhmanzadə

26. Oqtay Cəfərov

27. Hidayət Zeynalov

28. Məryəm Həsənzadə

29. Əhməd İsayev

30. Əfqan Əsgərov

31. Kazım Ələkbərov

32. Bəbir Hüseynov

33. Şaddat Cəfərov

34. Vəli Məmmədov

35. Rafiq Həsənov

36. Aqşin Babayev

Təltif olunanlara 22 iyul Milli Mətbuat günü münasibətilə təbriklərini çatdıran MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər birinin ölkəmizdə jurnalistika peşəsinin cəmiyyətə tanıdılmasında və sevdirilməsində müstəsna xidmətlərinin olduğunu önə çəkib.

Veteran jurnalistlərdən Əlikram Abdullayevin, Mahmud Mahmudovun, Ələsgər Cabbarovun, Əlövsət Bəşirovun və başqalarının çıxışlarında jurnalistikamızın müasir problemlərinin həlli ilə bağlı təkliflər səslənib. Əməkdar jurnalist Fazil Rəhmanzadə 60-cı illər jurnalistlərinin gənc həmkarları ilə görüşünün keçirilməsini irəli sürüb. Bunun təcrübə mübadiləsi baxımdan əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə