Amerika Erməni Milli Komitəsi (AEMK) yenidən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın tutduğu vəzifədə təsdiqinə qarşı kampaniyaya başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, komitə yerli erməni icmasının fəallarını amerikalı senatorlara M. Brayzanın namizədliyinin əleyhinə çıxmaq üçün kütləvi elektron çağırışlar etməyə səsləyib.
Qeyd edək ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla, altı ölkəyə səfir təyin edib. Səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlayıb. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı öz qüvvəsini itirəcək. İndi Amerika Erməni Milli Komitəsi bəyan edir ki, Obama Brayzanı Azərbaycana səfir təyin etməklə Amerika xalqının iradəsinə qarşı çıxıb.
Xatırladaq ki, hələ Brayzanın namizədliyi irəli sürüləndən ermənilər bu şəxsə qarşı aktiv kampaniya aparır. Həmişəki kimi, erməni diasporu Brayzanın həyat yoldaşı Zeyno Baranın türkəsilli olmasını da burada xüsusi qabardır. Həmin vaxt Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan bildirdi ki, onlar əvvəllər də dövlət katibi köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahat olduqlarını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB