Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası başlayıb – YENİLƏNİB

Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası başlayıb – YENİLƏNİB

Bu gün Rusiya Federasiyasının Moskva şəhərində Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Xəzəryanı dövlətlər olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin iştirak etdiyi iclasda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, işçi qrupunun Moskvada keçirilmiş son toplantısından ötən 2 il müddət ərzində Xəzər dialoqunun yüksək intensivliyi müşayiət olunub.

O qeyd edib ki, Xəzərin statusu ilə əlaqədar danışıqların 3 raundu keçirilib: "Moskva görüşündə 5 Xəzəryanı ölkənin nümayəndə heyətləri 2010-cu ilin sonunda keçirilmiş Bakı sammitinin qərarlarının inkişafı üzrə sənədlər işləyib hazırlamalıdır".

Onun sözlərinə görə, iyulun sonunda Həştərxanda Xəzərin su bioresursları üzrə komissiyanın iclası keçiriləcək: "Ümidvaram ki, həmin toplantıda Xəzərdə nərə ehtiyatının qorunması barədə Rusiya tərəfindən daha əvvəl hazırlanmış saziş layihəsi dəstəklənəcək".

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov başçılıq edir.

Xatırladaq ki, SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri edib. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənib. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. 1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanıb. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə