Kamal Kılıçdaroğlu ABŞ dövlət katibi ilə Qarabağ münaqişəsini müzakirə edib

Kamal Kılıçdaroğlu ABŞ dövlət katibi ilə Qarabağ münaqişəsini müzakirə edib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ABŞ dövlət katibi Hillari Klintonla Qarabağ münaqişəsindən danışıb. SİA-nın məlumatına görə, CHP lideri hökumətin Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı onlara məlumat vermədiyini deyib.

ABŞ dövlət katibi Hillari Klinton Türkiyə səfəri çərçivəsində qardaş ölkənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu ilə də görüşüb.


CHP lideri ilə ABŞ dövlət katibinin görüşündə maraqlı hallar yaşanıb. H.Klinton K.Kılıçdaroğlundan Ermənistanla imzalanmış protokolların təsdiqlənməsinə niyə mane olduqlarını soruşub.

CHP liderinin "Bunu kimdən eşitdiniz" sualına H.Klinton "Hökumət rəsmiləri belə deyir" cavabını verib. Cavab K.Kılıçdaroğlunu özündən çıxarıb və CHP lideri Türkiyənin AKP hökumətinin ünvanına tənqidlər səsləndirib: "Hökumət protokollarla bağlı bizə məlumat vermir. Protokollarda nələrin olduğunu mətbuatdan öyrənirik. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində hökumətin nə niyyətdə olduğu barəsində məlumatsızıq. Ümumiyyətlə, hökumətin daxili və xarici siyasətinin əksər məqamlarına dair məlumat ala bilmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə