Bahar Muradova ATƏT Parlament Assambleyasının sədrinə 13 yaşlı qızın ölümü ilə bağlı müraciət edib

Bahar Muradova ATƏT Parlament Assambleyasının sədrinə 13 yaşlı qızın ölümü ilə bağlı müraciət edib

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ermənilərin Tovuz rayonunun Əlibəyli kəndində törətdikləri vandalizm aktı ilə əlaqədar ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu və sədrin Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soaresə məktubla müraciət edib. SİA-nın xəbərinə görə, məktubda deyilir:

"Ötən həftə ATƏT PA-nın "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" mövzusunda Belqradda keçirilmiş yay sessiyasında qəbul olunan və həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış Ermənistan tərəfi yenə də destruktiv addımlar atır. Bildiyiniz kimi, Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirib. Danışıqlar prosesinin intensivləşdiyi, Minsk Qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetirilməsinə yönələn çirkin siyasətini davam etdirir. Yuxarıda göstərilən vandalizm hadisəsindən dərin narahatlığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi sizdən xahiş edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə