Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə YAP-ın icra katibi Əli Əhmədovun görüşü olub - FOTOSESSİYA

Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə YAP-ın icra katibi Əli Əhmədovun görüşü olub - FOTOSESSİYA

Azərbaycan səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədovla görüşüb. SİA-nın xəbərinə görə, qonaqları salamlayan YAP-ın Sədr müavini Azərbaycanla Rumıniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinə toxunub. Əli Əhmədov Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın Demokrat Liberal Partiyası arasında mövcud münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin perspektivləri inkişafının vacibliyini vurğulayıb: "Bizim dostluğumuz Rumıniya ilə Azərbaycan arasında mövcud olan əlaqələrin bariz nümunəsidir və səmimi münasibətlər dövlətlərimiz və xalqlarımız arasındakı bağlara müsbət təsir göstərir. Güman edirəm ki, bu münasibətlər bizim əlaqələrimizin dairəsinin genişləndiyini və həyatımızın bütün sahələrini əhatə etdiyini göstərir. Bu sözün əsl mənasında Xalq Diplomatiyasının bir təzahürüdür"

Hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayan Əli Əhmədov Azərbaycanın iqtisadi inkişafı, uğurla həyata keçirilən neft strategiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rumıniyanın tutduğu mövqe barəsində məlumat verib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə dost Rumıniyaya minnətdarlığımizi bildiririk".

Demokrat Liberal Partiyasının nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu ölkələrimiz arasındakı əlaqələrin qədim tarixə söykəndiyini bildirib: "Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başladı. Sevindirici haldır ki, Prezident İlham Əliyev də ulu öndərin siyasi kursunu uğurla davam etdirir və münasibətlərimiz daha da möhkəmlənir".

N.Ontanu həmçinin, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə