Rumıniyanın hakim partiyası: “Rumıniya Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır”

Rumıniyanın hakim partiyası: “Rumıniya Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır”

"Rumıniya Azərbaycanın dostu və müttəfiqidir". Bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Buxarest şəhər ikinci sektorunun meri, Rumıniyanın hakim partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nikolay Ontanu deyib. Onun sözlərinə görə, Avropada böhran olduğu halda Azərbaycan inkişaf etməkdə davam edir: "Bu da bizi dost olaraq çox sevindirir".

N. Ontanu həmçinin vurğulayıb ki, Rumıniya istənilən beynəlxalq təşkilatda Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağı ərazisi olaraq tanıyır: "Cənab Prezident İlham Əliyev Buxarestdə olduğu zamanda Rumıniya prezidenti cənab Trayan Basesku bir daha bildirdi ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir. Rumıniya Azərbaycan dövlətinin sadiq dostudur və bizim xalqlar arasında qədim dostluq əlaqələri mövcuddur".

Milli Məclisdə Azərbaycan və Rumıniya arasında iqtisadi, siyasi və digər əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağını deyən Rumıniyanın hakim partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nikolay Ontanunun sözlərinə görə, səfər çərçivəsində hakim Yeni Azərbaycan Partiyasının qərargahında, Azərbaycan Milli Elmlər Akademiyasında, Yazıçılar Birliyində görüşlər keçiriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana gələn Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyəti bugün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Səfərlə bağlı jurnalistlərə açıqlama verən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, səfərin məqsədi iki ölkənin hakim partiyaları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır: "Bütövlükdə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir. Bu zəmində beynəlxalq əlaqələrin genişlənməsində biz ayrı-ayrı ölkələrin ictimai-siyasi təşkilatları ilə, o cümlədən Rumıniyanın siyasi partiyaları və ictimai qurumları ilə əlaqələrimizi genişləndiririk".

Xatırladaq ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə