Franko Frattini: “İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini dəstəkləyir”
Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 5-də Romada italiyalı həmkarı Franko Frattini ilə görüşüb. SİA-nın məlumatına görə, görüş çərçivəsində nazirlər ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluqlarını bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Corcio Napolitanonun dəvəti ilə bu il iyunun 2-də İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirlərdə iştirakı xüsusi qeyd olunub.
F.Frattini ölkəsinin gələcəkdə Azərbaycanın birinci ticarət tərəfdaşı olacağına inandığını və iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər mədəniyyət və təhsil sahələrində əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək bir sıra layihələr ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi barədə məlumat verərək, münaqişənin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması, habelə bölgənin çiçəklənməsi üçün zəruriliyini qeyd edib.
Azərbaycanlı həmkarının fikirləri ilə razı olduğunu qeyd edən F.Frattini ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini dilə gətirib.
Görüşdə enerji təhlükəsizliyi məsələləri də müzakirə edilib. Azərbaycanın xarici işlər naziri həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat verib. İtaliyalı nazir də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artmaqda olan rolunu xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB