Axmatbek Keldibekov Azərbaycan neftçilərini Qırğızıstanın neft-qaz yataqlarında birgə kəşfiyyat aparmağa dəvət edib

Axmatbek Keldibekov Azərbaycan neftçilərini Qırğızıstanın neft-qaz yataqlarında birgə kəşfiyyat aparmağa dəvət edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə qurumun prezidenti Azərbaycanın neft-qaz sənayesi haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə yeni neft strategiyasının əsası qoyulub: \"Əldə edilmiş iqtisadi nailiyyətlər bu gün ölkənin bütün sahələrində özünü göstərir. Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi vacibdir. Ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var\".


Axmatbek Keldibekov isə ölkəsinin dinamik inkişaf edən Azərbaycan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb: \"Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 5,8 milyon dollar təşkil edib. Qırğız Respublikası zəngin təbii ehtiyatlara malikdir. Hazırda ölkənin neft və neft məhsullarına olan ehtiyacının 95 faizi kənardan alınan neft məhsulları hesabına ödənilir. Keçmiş SSRİ dönəmində ölkələrimiz arasında sıx əlaqələr mövcud olub. Münasibətlərimizi də nəzərə alaraq, Azərbaycan neftçilərini Qırğızıstanın neft-qaz yataqlarında birgə kəşfiyyat aparmağa dəvət edirik\".

Bütün xəbərlər Facebook səhifəmizdə