Əli Laricani: “Böyük güclər Qarabağ probleminin həlli əvəzinə öz mənafeləri uğrunda oyun oynayırlar”
\"Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, danışıqlar yolu və regional ölkələrinin iştirakı ilə öz həllini tapmalıdır. Böyük güclər öz mənafelərini düşünürlər və problemin həlli əvəzinə öz mənafeləri uğrunda oyun oynayırlar". SİA-nın xəbərinə görə, bunu İran parlamentinin sədri Əli Laricani bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Regionun şəraitinə görə təklif etmişik ki, münaqişə sülh və danışıqlar yolu ilə həll olunsun. Biz böyük güclərin regionda hərəkətlərinə tərəddüdlə yanaşırıq. Böyük güclər münaqişə ilə oynayırlar. Bunlar problemlərin həllindən çox öz mənafelərini güdürlər. Minsk Qrupunun uzun müddətdir, fəaliyyətinə baxmayaraq bir iş görməyib. Biz bu problemin həllində regional cəhdlərə üstünlük veririk. Eyni zamanda problemin həll formatının tapılması vacibdir. Azərbaycan Minsk Qrupu formatını seçib. Beynəlxalq sahədə daha geniş həll yolu axtarılıb. Bizdən hər hansı rol istəməyiblər. Biz Minsk Qrupunun üzvü deyilik. Amma islami vəzifəmizə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik".
Parlament sədri həmçinin ABŞ-ın regional problemləri ilə məşğul olmasını mənfi qarşıladıqlarını vurğulayıb: "Amerikanın regiona girişi nəinki problemi həll edir, əksinə yeni problem yaradır. İraq və Əfqanıstana girişindən sonra qaçaqmalçılıq və terror daha da artıb. Fələstin problemində hər dəfə yeni həll yolları ortaya qoymaqla problemin həllini uzadır. Obama son vaxtlar gülünc təkliflər verib. Biz həmişə regional həll yollarını təklif edirik. Çünki bölgədəki dövlətlər bu cür problemlərdə daha çox tanışdırlar. Azərbaycan istərsə, biz köməyimizi əsirgəməyəcəyik".
Laricani Qarabağ ərazisində tarixi və islami abidələrin dağıdılması ilə bağlı İran parlamentinin mövqeyi barədə sualı cavablandıraraq bildirib: "Əgər dost Azərbaycan ölkəsi bu problemin həlli ilə bağlı hər hansı bir siyasi format hazırlayarsa, İran bu format çərçivəsində öz dəstəyini verməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB