İKT-nin baş katibi: “Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı İKT-ni narahat edir”

İKT-nin baş katibi: “Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı İKT-ni narahat edir”

Türkiyə ilə Kipr arasında qarşılıqlı münasibət və Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal etməsi İslam Konfransı Təşkilatını narahat edir. SİA-nın xəbərinə görə, bunu İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Astanada İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə çıxışı zamanı deyib.

Qeyd edək ki, bu gün Astanada İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü başlayıb. Öncə İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib. Şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında qəbul olunan qərara əsasən təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq.

Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb. Hazırda qurum 1,2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir. Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

İKT XİN Şurasının iclasında Azərbaycanı isə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə