Asəf Hacıyev: “Partiyanın beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunmağım böyük bir etimaddır”

Asəf Hacıyev: “Partiyanın beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunmağım böyük bir etimaddır”

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə partiyanın beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunmağım böyük bir etimaddır. Bu sözləri SİA-ya açıqlamasında YAP-ın beynəlxalq əlaqələr şöbəsinin yeni seçilən rəhbəri, millət vəkili Asəf Hacıyev deyib.

Hakim partiyanın dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malik olduğunu deyən A. Hacıyev bildirib ki, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır: "İntensivləşən xarici əlaqələr fonunda Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr bölməsinin şöbəyə çevrilməsi labüd idi. Bildiyiniz kimi, hakim partiyanın xarici fəaliyyəti çox genişdir. Bundan əlavə YAP nümayəndə heyəti Rumınyada səfərdə oldu və hakim Liberal partiya ilə əməkdaşlıq protokolu imzaladı. Eyni zamanda səfərlərimiz Avropa ilə məhdudlaşmadı. Partiyamızın nümayəndə heyəti Çin Xalq Respublikasında hakimiyyətdə olan Kommunist partiyası ilə əlaqələrini genişləndirdi. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Brüsselə səfərdə oldu və səfər zamanı YAP-ın Avropa Xalq Partiyası ilə qarşılıqlı əməkdaşlığına dair geniş fikir mübadiləsi aparıldı. Hazırda YAP-ın Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınıb. Bundan əlavə partiyamız 51 ölkənin təmsil olunduğu siyasi partiyaların "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. Ona görə, mən təcrübədən istifadə edərək əlimdən gələni edəcəyəm ki, əldə olunan uğurları daha da inkişaf etdirim".

A.Hacıyev həmçinin bildirib ki, YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB-ə üzv olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərqi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətləri prioritet istiqamət təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə