Hərbi paradla bağlı mərkəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Hərbi paradla bağlı mərkəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradla bağlı bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SİA-ya bildirib ki, iyunun 23-də saat 06:00-dan iyunun 26-sı tədbirin sonunadək Azadlıq meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Eyni zamanda, Xaqani küçəsi, Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti, Azneft dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi, Bakı-Astara yolunun 14-cü kilometrliyinədək bağlanaraq Azadlıq meydanı və Sahil parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Əsədov bütün əhali və sürücülərdən dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə qeyd olunan istiqamətlərə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbul edib metro və ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə