AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin iclası keçirilib

AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin iclası keçirilib

AŞ PA-nın yay sessiyasının ilk iş günündə qurumun Dağlıq Qarabağ üzrə Alt komitəsinin iclası keçirilib. Ermənistan tərəfi komitənin iclasında iştirak etməkdən imtina edib. SİA-nın verdiyi məlumata görə, jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.


"Bu gün Avropa Şurasında çox vacib bir hadisənin şahidi olduq. Dağlıq Qarabağ üzrə Alt komitənin iclası baş tutdu və keçirildi. Bildiyiniz kimi, cari ilin yanvar ayında AŞ PA Bürosu yekdilliklə qərar qəbul etdi ki, Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti bərpa edilsin. Onun tərkibi də müəyyən olundu. Alt komitənin işinə əngəl yaratmaq, ümumiyyətlə, komitənin işindən imtina etmək mövqeyindən çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz mövqelərindən çəkinmirdilər. Dəfələrlə komitə və Büro iclaslarında, eləcə də Assambleyada bu komitənin lazımlı olmaması məsələsi haqqında danışaraq və əngəl yaratmaq məqsədilə başqa bəhanələr gətirərək, Alt komitənin işinin başlanmasına problemlər yaradırdılar. AŞ PA-da çıxışımda da qeyd etdiyim kimi, bu təkcə Azərbaycanın məsələsi deyil. Alt komitə və onun işi AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədən irəli gələn bir məsələdir. Alt komitənin işə başlamaması AŞ PA Bürosunun öz qərarlarına hörmət etməməsi olardı. Sevindirici haldır ki, bu gün AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsi toplandı. Azərbaycan tərəfindən nümayəndə heyətinin tərkibinə mən və Sabir Hacıyev daxildir. Bundan başqa, iclasda müxtəlif siyasi partiyaların nümayəndələri, Ermənistan üzrə məruzəçilər, eləcə də AŞ PA Katibliyinin nümayəndələrinin iştirakı ilə Alt komitə öz işinə başladı. Erməni tərəfi bu komitəyə gəlmədi. Amma biz dəfələrlə demişik ki, ermənilərin gəlib-gəlməməsi komitənin işinin bərpasına əngəl yaratmamalıdır. Komitə sadəcə nəzərə almalıdır ki, AŞ-nin qərarına hörmət etməyən Ermənistan komitənin işindən imtina edir. Bu da bir daha kimin konstruktiv, kiminsə qeyri-konstruktiv mövqedə dayandığını göstərir. Tam səmimi deyim ki, bu məsələdə müzakirə olundu ki, ermənilər bu komitəyə gəlməlidir. Bu formatda dialoq aparmaq konstruktiv olmaq deməkdir. Bu formatdan imtina etmək xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə bu gün nail olduq. AŞ Parlamenti, Komitəsi səviyyəsində konkret olaraq, özü üçün bir daha sübut etdi ki, Azərbaycan tərəfi danışıqlar prosesində, Dağlıq Qarabağ məsələsində həddindən artıq konstruktiv, başa düşülən və Avropa dəyərlərinə uyğun olan beynəlxalq qanun çərçivəsində qəbul olunan hərəkət, davranış edib, edir və bundan sonra da edəcək. Ermənistan isə müxtəlif bəhanələrlə Avropa və dünya tərəfindən təklif olunan beynəlxalq qanundan irəli gələn norma və davranış qaydalarına və s. məsələlərə riayət etmək fikrində deyil. Bu isə təbii ki, bizim üçün və beynəlxalq ictimaiyyət üçün də əlavə bir sübutdur ki, danışıqlar prosesində kim hansı mövqeyə malikdir. Nəzərə alsaq ki, çərşənbə günü Ermənistan Prezidenti Serj Sarkisyan AŞ PA-da çıxış edəcək, amma onun burada nə danışdığından artıq heç bir şey asılı deyil. Çünki onlar əyani şəkildə göstərdilər ki, onlar Avropanın yaratdığı komitənin işindən imtina edirlər", - S.Seyidov deyib.


Millət vəkili bildirib ki, Ermənistan tərəfinin Alt komitənin işində iştirak etməsi özlərindən başqa heç kimə problem yaratmayacaq: "Bu komitənin fəaliyyəti ona dəlalət edir ki, bu komitə vasitəsilə AŞ kimin hansı mövqedə olduğunu görməyə başlayır. Bu gün Ermənistan öz mövqeyini göstərdi. Bundan sonra onların komitəyə gəlib-gəlməməsi məsələsi artıq o qədər də böyük əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, gəlsələr lap yaxşı olar. Onlara ünvanlanacaq suallarımız, mövqeyimiz və müzakirə olan məsələlərimiz də var. Gəlməsələr, özlərindən başqa heç kimə problem yaratmayacaqlar. Dağlıq Qarabağla bağlı danışıqlar prosesi Azərbaycanın Prezidenti və xarici işlər nazirinin birbaşa diqqət dairəsində olan məsələlərdir. Ancaq AŞ-də bu şəkildə belə münasibəti Ermənistan Prezidentinin quruma gəlişi ərəfəsində görürüksə, bir millət vəkili kimi inanmıram ki, Ermənistan danışıqlar zamanı hansısa konstruktiv mövqedən çıxış etsin. Konstruktiv mövqe göstərmək istəyən tərəf ən azı gəlib, komitənin işində iştirak edib hansısa bir fikir mübadiləsi aparardı".

Bütün xəbərlər Facebook səhifəmizdə