Əli Həsənov: “Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb” - AÇIQLAMA

Əli Həsənov: “Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb” - AÇIQLAMA

"Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözləyirik". SIA xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Münaqişənin tezliklə həlli iradəsi ortada var", - Əli Həsənov deyib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, münaqişənin həll edilməsi, danışıqların intensivləşdirilməsi və irəliləyişə nail olunması çağırışları var.

"Düşünürük ki, Kazan görüşündə, həmin bəyanatın ruhunu da nəzərə alaraq, müəyyən irəliləyişə nail olmaq imkanları var", - o əlavə edib.

Əli Həsənov hesab edir ki, bu imkanlar tək Azərbaycandan deyil, eyni zamanda neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan asılıdır.

\"Dəfələrlə olub ki, əvvəl razılaşdırılmış və ya razılaşdırılmasına ümid bəslənilən məsələlər konkret görüşlər zamanı Ermənistan tərəfindən pozulub, onların bu və ya digər yanaşması ilə danışıqlar prosesi ləngidilib\", - PA rəsmisi deyib.

Qeyd edək ki, iyunun sonlarında Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə