Eldar Sabiroğlu: "Ermənilərin cəbhə xəttində etdiyi hər həmləyə ikiqat cavab verilir" - EKSKLÜZİV

Eldar Sabiroğlu: "Ermənilərin cəbhə xəttində etdiyi hər həmləyə ikiqat cavab verilir" - EKSKLÜZİV

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun SİA-ya müsahibəsi

- Ermənistan bilərəkdən Azərbaycanı müharibəyə cəlb etmək istəyir, bununla bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Konkret fakt ondan ibarətdir ki, demək olar, hər gün cəbhə xəttində atəşkəs pozulur və bu zaman hər iki tərəfdə itkilər baş verir. İkincisi, ən mühüm fakt ondan ibarətdir ki, 20 ildir artıq bu torpaqlar qaytarılmır, müxtəlif bəhanələrlə danışıqlar prosesi pozulur və münaqişənin sülh yolu ilə tənzimlənməsinə imkan verilmir. Belə olan təqdirdə, Azərbaycan vətəndaşlarının, xüsusən də silahlı qüvvələrin hər bir əsgərinin səbri tükənir, uzun müddət bu işğala dözmək də qeyri-mümkündür. Buna baxmayaraq danışıqlardan yenə ümidimizi kəsmirik, arzu edirik ki, qan tökülmədən sülh yolu ilə torpaqlarımız azad olunsun. Əks halda Azərbaycan silahlı qüvvələrinin öz torpaqlarını tam azad etməyə tam hüququ çatır və buna görə heç kim bizi günahlandıra bilməz. Azərbaycan Ordusu kiminsə torpağını işğal etməyəcək, öz torpağımızdan işğalçını qovub çıxardacaq.

- Cəbhə xəttində yerləşən əhalinin təhlükəsizliyinin və yaşayış şəraitinin çətin olduğunu nəzərə alaraq hər hansı bir yerdəyişmə nəzərdə tutulurmu?

- Yaşayış məntəqələrinin ön xəttə çox yaxın olmasına baxmayaraq əhalini, ya da digər müdafiə obyektlərini geri çəkmək olmaz. Bir misalı da qeyd etmək istəyirəm ki, düşmən bir müddət öncə snayperlərin geri çəkilməsini istəmişdi və hətta bu məsələni beynəlxalq səviyyəyə qaldırmışdılar. Dedilər ki, snayperlər geri çəkilsin, hər şey qaydasına düşəcək. Əgər belə olsa bir azdan postların da geri çəkilməsi tələbini irəli sürəcəklər. Azərbaycanın silahlı qüvvələri cəbhə xəttinə yaxın olan mülkü əhalinin təhlükəsizliyini qoruyur və daima qoruyacaq da. Bilirsiniz müharibənin öz qanunları var. Təmas xəttində minalar basdırılıb, həm o tərəfdə, həm də bu tərəfdə. Müharibə qanunlarından yaxa qurtarmaq mümkün deyil. Arzu edərdik ki, düşmənlərimiz olmasın, ancaq bundan qaçmaq da mümkün deyil.

- Dağlıq Qarabağ yaşayan ermənilərlə Ermənistandan olan ermənilər arasında qarşıdurma baş verir, onlar arasında rəqabət gedir. Əksər hallarda qarşıdurmalar ölümlə nəticələnir. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında daima rəqabət gedir, Bu Sovet hökuməti dövründən ta indiyənə qədər davam edir. Misal üçün, bir-iki ay bundan qabaq Dağlıq Qarabağda mövcud olan hərbi birləşmələrin birində atışma baş vermişdi. Bu atışma nəticəsində altı nəfər həlak olmuşdu. Əsgərlər silaha əl atmışdılar, bir-birini güllələmişdilər. Bu cür hal komandir-korpus səviyyəsində də belədir. İndi siz baxın, Ermənistandakı rəbərliyin hamısı Dağlıq Qarabağdan çıxan ermənilərdir. Onlara qarşı mübarizə aparan da yerli ermənilərdir. Bu cür hal onların ordusuna da sirayət edib, demək olar ki, bir-birlərini qırırlar.

- Ermənistan tərəfi məlumat yayır ki, cəbhə xəttində ölən ermənilərin hamısı Azərbaycan snayperliləri tərəfində vurulur.

- Bu, erməni hiyləgərliyidir. Adətləri üzrə müxtəlif, planlaşdırılmış hiylələr uydura bilərlər. Onların adətidir.

- Azərbaycan Ordusunda neqativ halların aradan qaldırılması ilə bağlı konkret nə kimi tədbirlər planlaşdırılıb?

- Azərbaycanın Silahlı Qüvvələri barədə ideal fikirdə olduğumuzu söyləmək istəməzdim. Dünyanın heç bir dövlətində ideal ordu yoxdur. Mən ölkələrin adını çəkmək istəmirəm. Orada hansı hadisələrin baş verdiyini göz önünə gətirəndə, mətbuatda oxuyanda, televiziyada baxanda dəhşətə gəlirsən. Lakin bu bizə təsəlli verməməlidir ki, bizim ordumuzda belə hadisələr təsadüfi baş verir və bunu güzəştə getmək lazımdır, xeyr. Böyük bir orduya malikik və təsəvvür edin ki, Balakəndən, Şəkidən, Bakıdan və ölkəmizin digər ərazilərindən olan 18 yaşlı gənclər toplaşır bir yerə, bir yerdə yaşayırlar. Bəzən uzun müddət bir-birini tanıyan şəxslər arasında problem yaşanır, o ki qaldı yenicə tanış olmuş əsgərlər olsun. Bir xırda söz dava-dalaşın əsasını qoya bilər. Lakin buna baxmayaraq Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzda baş verən hər hansı bir neqativ hala qarşı çox ciddi tədbirlər görür. Bu tədbirlər getdikcə güclənir və neqativ hallar aradan qaldırılır. Ordumuzda bəzi hadisələr olur, ancaq nə yazıqlar olsun ki, bəzən faciədən qaçmaqda mümkün olmur. Məsələ bundan ibarətdir ki, ölənlərin, rəhmətə gedənlərin acıları öz yaxınlarını, valideynlərini yandırıb yaxırsa, bizi də o qədər yandırır. Bizim ürəyimiz daşdan deyil. Hər bir əsgərin itkisini öz övladlarımızın itkisi hesab edirik.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə