“Günbəz səmanı, məscidin aşağı hissəsi isə torpağı ifadə edir” -GÜNDÜZ İSMAYILOV
Azərbaycan məscid memarlığı dini-mənəvi təfəkkürün ifadəsidir.
SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda panel müzakirə zamanı deyib.
O bildirib ki, Azərbaycandakı dini abidələr ölkənin dini-mənəvi təfəkkürünün və tolerantlıq ənənələrinin müxtəlif coğrafiyalarda təzahürünü əks etdirir.
G.İsmayılov Quba rayonunun Dondarlı kəndindəki məscidi nümunə göstərərək qeyd edib ki, burada şiəliklə yanaşı, Əbu Bəkir, Ömər və Osman kimi sünni ənənəsində mühüm yer tutan adlara da rast gəlinir. Onun sözlərinə görə, bu, Azərbaycandakı dini tolerantlığın nümunələrindən biridir.
Komitə sədrinin müavini Astara rayonunun Pensər kəndində yerləşən tarixi məscidə də diqqət çəkib. Bildirib ki, kənddə sünni və şiələr əsrlərdir birgə yaşayır, məsciddən təxminən 100 metr məsafədə isə digər məscid yerləşir. O qeyd edib ki, cümə namazlarının növbəli şəkildə hər iki məsciddə qılınması, Aşura mərasiminin isə sünni məscidində keçirilməsi Azərbaycanda dini mədəniyyətin özünəməxsus nümunəsidir.
G.İsmayılov Pensər məscidinin təmirə ehtiyacı olduğunu vurğulayıb və İtitala kəndindəki tarixi məscidin də qorunmasının əhəmiyyətindən danışıb.
O bildirib ki, ingiloyların xristianlıqdan sonra İslamı qəbul etməsi ilə bağlı tarixçilər arasında müxtəlif yanaşmalar mövcuddur. İtitala məscidinin müəyyən hissələrinin vaxtilə gübrə və fındıq anbarı kimi istifadə olunması səbəbindən zədələndiyini deyən G.İsmayılov qeyd edib ki, həmin abidənin bərpası yalnız bir kənd məscidinin təmiri kimi qiymətləndirilməməlidir.
Komitə sədrinin müavini Quba rayonunun Nügədi kəndində və Gəncədə yerləşən məscidlərin günbəzlərinin oxşarlığına da diqqət çəkib. Onun sözlərinə görə, bu memarlıq xüsusiyyətləri Azərbaycan xalqının dini-mənəvi təfəkkürünün mühüm ifadələrindən biridir.
G.İsmayılov qeyd edib ki, günbəz səmanı, məscidin aşağı hissəsi isə torpağı ifadə edir. Bu baxımdan həmin memarlıq üslubu yer və göyün, ruhani və dünyəvi həyatın birləşməsini simvolizə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB