“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb

Qlobal iqlim çağırışlarına cavab verən həllərin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) işə başlayıb. SOCAR Green-in əsas tərəfdaşlığı ilə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və özəl sektor nümayəndələrini, investorları, beynəlxalq təşkilatları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri və digər tərəfləri bir araya gətirərək konkret iqlim həllərinin təşviqi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində Azərbaycanın Energetika və Xarici İşlər nazirliklərinin rəsmiləri, COP29, COP30 və COP31 sədrliyinin təmsilçiləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) və digər beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. COP29-dan COP31-ə keçid mərhələsində iqlim gündəliyində əldə edilmiş dinamikanın qorunması, qəbul olunmuş öhdəlik və təşəbbüslərin praktiki nəticələrə çevrilməsi, eləcə də bütün maraqlı tərəflər arasında daha sıx əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bakı İqlim Fəaliyyəti Həftəsinin artıq üçüncü ildir davam etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Əsas məqsədimiz iqlim fəaliyyətini gücləndirmək, müzakirələri konkret addımlara çevirmək və yeni əməkdaşlıqlara təkan verməkdir. Bu il UNFCCC İqlim Həftəsinin də Bakıda keçirilməsi COP31 öncəsi ölkələrin mövqelərini yaxınlaşdırması və qarşıdakı danışıqlara töhfə verməsi üçün mühüm imkan yaradır. İnanırıq ki, bu müzakirələr real nəticələrə yol açacaq”.

COP29-un İqlim Dəyişmələri üzrə yüksək səviyyəli çempionu və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai BCAW-nin COP29 irsinin davam etdirilməsi və konkret iqlim fəaliyyətinin təşviqindəki rolunu vurğulayıb.

COP31-in baş icraçı direktoru və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank isə bildirib: “Bakının ortaya qoyduğu güclü irs və Azərbaycanın iqlim diplomatiyasına verdiyi töhfə COP31-ə gedən yolda bizim üçün böyük əhəmiyyət daşıyır”.

Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. 2025-ci ildə proqram çərçivəsində 46 tədbir keçirilib və 30-dan çox mövzu əhatə olunub. BCAW 2026 isə daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır. Builki həftə çərçivəsində 15 əsas dəyirmi masanın və çoxsaylı tərəfdaş tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların bir qismi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi – İcra Forumu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə