Region həkimləri əməkhaqqı artımı ilə yanaşı, 1,3 əmsallı bonusdan da yararlanacaq -ANAR BAYRAMOV
Həkim çatışmazlığının müşahidə olunduğu regionlarda çalışan həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni maliyyə mexanizmi tətbiq ediləcək.
SİA xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) İcraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.
Anar Bayramov bildirib ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda bir sıra tibbi xidmətlər üzrə fəaliyyət nəticələrinə əsasən hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq olunacaq.
Onun sözlərinə görə, yeni mexanizm cərrahi və stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya, anesteziya, eləcə də invaziv radioloji xidmətlər üzrə fəaliyyət göstərən həkimləri əhatə edəcək.
Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, fəaliyyət nəticələrinə əsasən hesablanan əlavə bonus ödənişlərindən və həmin ödənişlərə tətbiq edilən 1,3 əmsalından yararlana biləcəklər.
TƏBİB rəhbəri qeyd edib ki, ambulator tibbi xidmət göstərən həkimlər üçün isə mövcud sistemdə hər pasiyentə görə hesablanan kiçik faiz ödənişləri əvəzinə, aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.
Anar Bayramov yeni əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərinin tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa əlaqələndiriləcəyini də diqqətə çatdırıb.
O bildirib ki, yeni yanaşmanın əsas məqsədi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyentyönümlü xidmət modelinin daha da gücləndirilməsidir. Xidmətin keyfiyyəti və pasiyent məmnunluğu yüksək olduqca, həkimin əldə etdiyi həvəsləndirici ödənişin məbləği də artacaq.
TƏBİB-in İcraçı direktoru vurğulayıb ki, bu mexanizm tibb işçilərini daha keyfiyyətli və qayğıkeş xidmət göstərməyə, pasiyentlərlə düzgün və effektiv ünsiyyət qurmağa təşviq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB