“Azərbaycan bu gün sülh və əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynayan dövlətdir” - ŞƏRH

“Azərbaycan bu gün sülh və əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynayan dövlətdir” - ŞƏRH

“Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, görüşün məhz Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutması da ayrıca diqqət çəkir:

“Bu, Cənubi Qafqazda formalaşan yeni reallıqların artıq daha geniş beynəlxalq siyasi platformaların gündəliyində yer aldığını göstərir. Görüşün əsas məqamlarından biri ondan ibarətdir ki, tərəflər sülh prosesində əldə edilmiş nəticələrin tarixi əhəmiyyətini bir daha vurğulayıblar. Xüsusilə Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Artıq söhbət yalnız münaqişənin başa çatmasından deyil, sülhün real mexanizmlərlə möhkəmləndirilməsindən gedir.

Bişkek görüşünün ən mühüm xüsusiyyətlərindən biri də sülh dividendlərinin konkret iqtisadi nəticələrlə ifadə olunmasıdır. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər yüklərin Azərbaycan ərazisindən Ermənistana tranziti, ticarət əlaqələrinin qurulması kimi məsələlərin müzakirəsi göstərir ki, sülh artıq nəzəri anlayışdan praktik iqtisadi əməkdaşlıq mərhələsinə keçir. Bu, ilk növbədə region xalqlarının rifahına, iqtisadi fəallığın artmasına və qarşılıqlı asılılıq vasitəsilə sülhün daha dayanıqlı olmasına xidmət edə bilər.

Görüşdə dövlət sərhədinin delimitasiyası, nəqliyyat və kommunikasiya bağlantılarının inkişafı, o cümlədən TRIPP layihəsi üzrə növbəti praktiki addımların müzakirə olunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın prinsipial mövqeyi hər zaman aydın olub: sülh yalnız siyasi bəyanatlarla deyil, konkret razılaşmaların icrası, sərhədlərin müəyyənləşdirilməsi və regionda maneəsiz bağlantıların yaradılması ilə təmin edilə bilər.

Ən önəmli məqamlardan biri isə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın birbaşa ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəlməsidir. Bu, vasitəçilərdən asılılığın azalması və tərəflərin öz aralarında problemləri həll etmək üçün siyasi iradə nümayiş etdirməsi deməkdir. Məhz birbaşa dialoq Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əsas təminatlarından biridir.

Ümumilikdə, Bişkek görüşü göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq yeni siyasi mərhələ başlayıb. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda sülh gündəliyi daha konkret məzmun alır, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları isə bu prosesin əsas dayaqlarından birinə çevrilir. Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan bu gün yalnız regionun siyasi reallıqlarını müəyyən edən deyil, həm də gələcək sülh və əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynayan dövlətdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə