“Rusiya təzyiqləri artırmaqla Ukraynaya hərbi dəstəyin qarşısını almağa çalışır” - HƏRBİ EKSPERT
"Mövcud vəziyyətdə Avropanın və Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi-texniki və hərbi təlimatçılar istiqamətindən və maliyyə formasında dəstəyi davam edir". Bu fikirləri SİA-ya açıqlaması zamanı hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, hər il bu dəstək, bu proses böyüyür və hətta müəyyən hərbi texnologiyaların Ukraynaya transfer olunması da həyata keçirilir: "Bu illər ərzində, müharibənin getdiyi dövr ərzində Rusiya maksimum şəkildə bu təchizatın qarşısını almağa və yaxud da bu məhsulların yerləşdiyi anbarları məhv etməyə çalışır. Bəzən buna nail olur, bəzən isə nail olmur. Ümumilikdə isə son aylarda Rusiya Avropaya qarşı, xüsusilə də Böyük Britaniyaya qarşı, yeni Qərb bölgəsinə qarşı çox aqressiv mövqe nümayiş etdirir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin Böyük Britaniyanı hədələməsi və ümumiyyətlə, Avropaya, Qərbə yönəlik təhdid çıxışları, həmçinin Rusiyaya məxsus pilotsuz aparatlarının və digər döyüş aviasiya vasitələrinin, hərbi təyinatlı aviasiya vasitələrinin Şərqi Avropa ölkələri üzərində uçuş həyata keçirməsi narahatlığı daha da artırır.
Hesab edirəm ki, Rusiya strategiyanı daha da dəyişib. Artıq son vaxtlar, son günlər Ukraynanın iri şəhərlərinə, anbarlarına endirilən raket zərbələri bunu deməyə əsas verir və qarşıdakı dövrdə bu proses daha da şiddətlənəcək. Mən hesab edirəm ki, bu, iki istiqamətdə atılan addımdır. Birincisi, Ukraynanın təslim olmağa vadar edilməsi üçündür, digəri isə, əlbəttə ki, bu təchizatın qarşısını almaq üçündür. Bir sözlə, Rusiya hazırkı məqamda fundamental strategiyanı dəyişmək yox, təhdid və hərbi baxımdan hücumların, təzyiqlərin sayını artırmaqla bunun qarşısını almağa çalışır.
Bundan sonra proses daha gərgin, kəskin müstəviyə çevriləcək və hesab edirəm ki, qarşıdan gələn aylarda biz Ukrayna cəbhəsində vəziyyətin daha da kəskin olacağını görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB