Cəlil Xəlilov: Azərbaycan itkin düşən hər bir vətəndaşın taleyini müəyyənləşdirmək üçün bütün imkanlardan istifadə edir

Cəlil Xəlilov: Azərbaycan itkin düşən hər bir vətəndaşın taleyini müəyyənləşdirmək üçün bütün imkanlardan istifadə edir

“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaxınlarını itirən ailələr üçün bu məsələyə aydınlıq gətirilməsi həm mənəvi, həm də milli baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər itkin düşmüş şəxslərlə bağlı araşdırmaların genişləndirilməsinə və bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına imkan yaradıb.

“İtkin düşmüş şəxslərin taleyi uzun illərdir Azərbaycan dövlətini və xalqını narahat edən məsələlərdən biridir. Uzunmüddətli erməni işğalı, həmçinin rəsmi İrəvanın itkinlərin taleyinin müəyyənləşdirilməsi məsələsinə qeyri-humanist yanaşması bu istiqamətdə ciddi maneələr yaradıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə bir çox sahədə olduğu kimi, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində də mühüm addımların atılmasına şərait yaratdı. Hazırda işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Bu məzarlıqlarda aparılan araşdırmalar nəticəsində bir sıra itkin şəxslərin taleyinə aydınlıq gətirilib. Beləliklə, yüzlərlə itkin şəxsin kimliyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənələrə uyğun şəkildə dəfn olunub. Bununla da uzun illərdir övladının, həyat yoldaşının, valideyninin yolunu gözləyən ailələrin intizarına son qoyulub”.

C.Xəlilov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da münasibət bildirib.

“Avqustun 30-da Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım edib. Paylaşımda itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu istiqamətdə görülən və həyata keçirilməsi davam etdirilən işlərə də diqqət çəkilib.

Hikmət Hacıyevin paylaşımından bir daha aydın oldu ki, Azərbaycan dövləti mina təhlükəsi və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bu sahədə mühüm və sistemli fəaliyyət həyata keçirir.

İnanırıq ki, Azərbaycan dövlətinin Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı nümayiş etdirdiyi prinsipial mövqe taleyi hələ də naməlum olan hər bir vətəndaşımızın aqibətinin müəyyənləşdirilməsinə imkan verəcək. Dövlətimiz hər bir itkin şəxsin ailəsinin illərdir davam edən intizarına son qoymaq üçün bütün imkanlarından istifadə edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə