“Bu səfər Azərbaycan və Özbəkistanın bir-birinə uzun müddət lazım olacağı həqiqətini növbələyir” - ŞƏRH

“Bu səfər Azərbaycan və Özbəkistanın bir-birinə uzun müddət lazım olacağı həqiqətini növbələyir” - ŞƏRH

“Azərbaycan-Özbəkistan münasibətləri xüsusilə də cənab Prezident İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin prezidentliyi dövründə məzmunlu bir yol keçib. Bu iki liderin prezidentliyi və əməkdaşlığı dövründə iki ölkənin əlaqələrində mühüm yeniliklər və nəticələr var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu ölkələrin münasibətləri siyasi dialoqdan strateji tərəfdaşlığa və müttəfiqliyə doğru yüksəlib, Əbədi Dostluq haqqında müqavilə imzalanıb:

“İki dövlət arasında Ali Şura və regionlararası əməkdaşlıq forumları formasında münasibətlərin strukturlaşması kimi real nəticələr var. Bundan başqa, iki ölkənin iqtisadiyyat, investisiya, ticarət və nəqliyyat sahələrində çoxlu sayda layihələrin həyata keçirilməsi prosesi başlayıb. İlham Əliyevin bu sonuncu səfəri də Özbəkistan-Azərbaycan əməkdaşlığının həm böyük yol keçdiyini, həm də böyük perspektivə malik olduğunu bir daha təsdiqlədi.

Bu səfər əslində Avrasiyada bir çox ölkələrə maraqlı mesajlar verdi. Ən böyük mesaj bundan ibarət idi ki, bu gün Avrasiya nəqliyyat marşrutlarının formalaşmasında Azərbaycanın və Özbəkistanın bir-birinə nə qədər ehtiyacları olduğu bir daha sübut olundu. İndi hər kəs görə bilir ki, Azərbaycanın Cənub-Qərbi Asiya və Çinlə əlaqələrində, Özbəkistanın isə Avropa ilə əlaqələrində Azərbaycan olduqca əhəmiyyətli strateji körpü rolunu oynaya bilər.

Azərbaycan-Özbəkistan əməkdaşlığının bir xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər inkişaf etdikcə təkcə ikitərəfli münasibətlərin mənzərəsi dəyişilmir. Eyni zamanda bütün Mərkəzi Asiyanın və Azərbaycanın vahid geosiyasi məkana çevrilməsi prosesini real olaraq ortaya qoymuş olur. Çünki bu ölkələrin rəhbərləri arasında olan münasibətlər, xarici siyasət istiqamətlərinin və maraqlarının üst-üstə düşməsi onların həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli qlobal əməkdaşlıq müstəvilərində daha böyük nəticələr ortaya qoymaq şansları yaradır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında Özbəkistanın iştirakı da faktor kimi önəmlidir. Azərbaycan neft sektoru ilə Özbəkistanın neft-qaz sektoru arasında əməkdaşlığın isə xüsusi məzmunu və gələcək perspektivləri mövcuddur. Təsadüfi deyək ki, iki ölkə arasında artıq bu sahədə atılan addımlar Özbəkistanda yeni neft hasilatı prosesinin başlanmasına şərait yarada bilər.

Artıq Özbəkistanda neft hasilatının başlanması üçün SOCAR-ın qarşısında geniş imkanlar açılıb. Bir sözlə, Prezidentin Özbəkistan səfəri Azərbaycanın və Özbəkistanın bir-birinə uzun müddət lazım olacağı həqiqətini növbələyir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə