Azərbaycandan Özbəkistana səfər edən media nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində avqustun 21-də jurnalistlər Çarvak su anbarının sahilində yerləşən “Sea Breeze Uzbekistan” kurort və yaşayış kompleksinə baş çəkiblər.
SİA xəbər verir ki, Press-turda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir.
“Sea Breeze Uzbekistan” Daşkənddən təxminən 80 kilometr məsafədə həyata keçirilən kurort və yaşayış layihəsidir. Baş planın ərazisi 527 hektar, sahil xəttinin uzunluğu isə 7 kilometr təşkil edir. Layihənin 2025–2035-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Burada yaşayış kompleksləri və villaların, mehmanxanaların və apart-otellərin, təchiz olunmuş çimərliklərin, idman meydançalarının, restoranların, istirahət zonalarının, bulvarın, eləcə də əyləncə və sağlamlıq infrastrukturunun yaradılması planlaşdırılır. “Sea Breeze Uzbekistan” ilboyu fəaliyyət göstərən kurort və yaşayış məkanı kimi nəzərdə tutulub.
Tikintinin ilk mərhələsi çərçivəsində 190 hektar ərazidə işlərin görülməsi nəzərdə tutulur ki, bunun da 100 hektarı birinci fazanın payına düşür. Əsas elementlərdən biri bulvar olacaq. Ərazinin yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir, belə ki, artıq mindən çox ağac əkilib, gələcəkdə isə bu sayın 10 minə çatdırılması planlaşdırılır.
Media nümayəndələrinə, həmçinin Çarvakın təbii relyefinə uyğunlaşdırılmış “White Villas” və “White Residences” yaşayış layihələri barədə məlumat verilib. Şirkət nümayəndələrinin sözlərinə görə, layihələrin memarlıq həllərində ərazinin xüsusiyyətləri nəzərə alınıb, bir çox obyekt isə su anbarının panoramik mənzərələrindən maksimum yararlanmaq üçün elə yerləşdiriləcək.
“Sea Breeze” şirkətinin strateji inkişaf üzrə meneceri Mikayıl Namazov bildirib ki, layihə tikintinin ilkin mərhələsindədir, lakin artıq hazırda ərazinin abadlaşdırılması istiqamətində fəal iş aparılır.
“İnfrastruktur və istirahət zonası buraya gələcək hər kəs üçün möhtəşəm və rahat olacaq. Məqsəd “Sea Breeze” brendinə uyğun beynəlxalq səviyyəli kurort yaratmaqdır”, – deyə o bildirib.
Mikayıl Namazovun sözlərinə görə, layihə həyata keçirilərkən təbii landşaftın qorunmasına xüsusi diqqət yetirilir. Ərazidə mövcud yaşıllıq zonaları və meyvə ağacları qorunub saxlanılır.
O, həmçinin bildirib ki, “White Villas” və “White Residences” yaşayış komplekslərində artıq satışlar başlanılıb. Ayrı-ayrı obyektlərin tikintisinin təxminən 36 ay ərzində başa çatdırılması nəzərdə tutulur və şirkət ərazini artıq qarşıdakı il yarım ərzində əhəmiyyətli dərəcədə dəyişmək niyyətindədir.
Layihənin həyata keçirilməsi zamanı ekoloji həllərə də xüsusi diqqət yetirilir. O vurğulayıb ki, Azərbaycanda “Sea Breeze” çərçivəsində uğurla həyata keçirilən yaşayış layihələri Çarvakın relyefi və təbii xüsusiyyətləri nəzərə alınmaqla uyğunlaşdırılır.
Gələcək kompleks çərçivəsində hovuzların, restoranların, çimərlik klublarının və genişmiqyaslı əyləncə infrastrukturunun yaradılması da planlaşdırılır. Burada konsertlərin, festivalların, idman və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
“Sea Breeze Uzbekistan” “Agalarov Development” şirkətinin Özbəkistanda həyata keçirdiyi ikinci layihədir. Şirkət, həmçinin Daşkənddə “Agalarov Residence” premium yaşayış kompleksini inşa edir.
“Sea Breeze Uzbekistan” layihəsi Özbəkistanın turizm potensialının inkişafına, ölkə sakinləri, xarici turistlər və investorlar üçün yeni beynəlxalq cəlbedicilik mərkəzinin yaradılmasına yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB