“Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasının geosiyasi çəkisini artırır” - ŞƏRH

“Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasının geosiyasi çəkisini artırır” - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri türk dünyasında ən dinamik inkişaf edən tərəfdaşlıq modellərindən biridir. Burada söhbət təkcə iki prezidentin qarşılıqlı səfəri çərçivəsində mədəni, siyasi münasibətlərdən getmir. Həm də bu iki ölkə beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda və regional təşəbbüslərdə bir-birini dəstəkləyən, mövqelərini yaxınlaşdıran və ortaq maraqlardan çıxış edən iki strateji tərəfdaş kimi çıxış edir.
Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın mövqelərinin yaxınlığı diqqəti cəlb edir. Azərbaycan TDT-ni sadəcə mədəni və tarixi bağların ifadəsi olan bir platforma kimi deyil, gələcəkdə siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və digər istiqamətlərdə böyük gücə çevrilə biləcək mühüm birlik kimi görür. Özbəkistan da bu prosesdə Azərbaycanın mövqeyinə yaxın yanaşma nümayiş etdirir."

Bu fikirləri SİA-ya açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan türk dünyasının inteqrasiyasını yalnız ideoloji və mədəni müstəvidə deyil, real iqtisadi və geosiyasi layihələrlə də möhkəmləndirirlər. Nəqliyyat və logistika əməkdaşlığı bunun ən bariz nümunəsidir. Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi bu iki ölkəni Şərqlə Qərb arasında yeni nəqliyyat bağlantılarının təbii tərəfdaşına çevirir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP layihəsi ilə mümkün inteqrasiyası isə məsələyə tamamilə yeni geosiyasi məzmun gətirir. Bu, sadəcə dəmir yolu xətti deyil. Bu layihələrin uzlaşdırılması Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə daha sıx bağlaya, Azərbaycanın tranzit imkanlarını daha da genişləndirə bilər.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi də bu baxımdan tarixi hadisədir. Faktiki olaraq, əvvəlki “C5” formatının “C6” formatına çevrilməsi Azərbaycanın artıq Mərkəzi Asiya ilə bağlı proseslərə kənardan baxan ölkə deyil, regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir.
"Hesab edirəm ki, burada Azərbaycanın xarici siyasətinin mühüm bir istiqaməti özünü göstərir. Azərbaycan artıq yalnız regionlar arasında körpü rolunu oynamaqla kifayətlənmir, həmin regionların siyasi və iqtisadi inteqrasiyasının iştirakçısına çevrilir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Türk dünyası arasında yaranan yeni əlaqələr Azərbaycanın geosiyasi çəkisini də artırır.
Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləməsi də təsadüfi deyil. Çünki müasir dünyada dövlətlərin beynəlxalq mövqeyinin güclənməsi yalnız ikitərəfli münasibətlərlə deyil, çoxtərəfli diplomatiyada tərəfdaşların sayının və etimadın artması ilə də bağlıdır.
Bu mənada, Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını dəstəkləməsi münasibətlərə siyasi etimad gətirir. Bu etimad isə iqtisadi və humanitar əməkdaşlığın daha sürətli inkişafı üçün möhkəm zəmin yaradır.
Əslində, Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Tarixi və mədəni yaxınlıq artıq konkret siyasi, iqtisadi və geostrateji layihələrə çevrilir. Bu isə Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha təşkilatlanmış, daha təsirli və daha vahid aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Düşünürəm ki, Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlərin əsas mahiyyəti də məhz bundan ibarətdir ki, Azərbaycan–Özbəkistan tərəfdaşlığı artıq iki dövlətin münasibətlərindən daha böyük məna daşıyır. Bu əməkdaşlıq Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni siyasi-iqtisadi əməkdaşlıq arxitekturasının formalaşmasına ciddi töhfə verir.
Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə qardaş ölkə kimi deyil, həm də regional və beynəlxalq proseslərdə etibarlı strateji tərəfdaş kimi yanaşırlar. Qarşıdakı mərhələdə bu münasibətlərin daha da dərinləşməsi həm Azərbaycanın, həm Özbəkistanın, həm də bütövlükdə Türk dünyasının geosiyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər."-deyə, B.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə