“Bu Zəfər bütün bölgənin sabahı üçün yeni bir pəncərənin açılması deməkdir” - ŞƏRH

“Bu Zəfər bütün bölgənin sabahı üçün yeni bir pəncərənin açılması deməkdir” - ŞƏRH

“Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış bütün ümumi vəziyyət və hər bir konkret təzahür məhz Ermənistan təcavüzünün aradan qaldırılması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzü və onun nəticələri müharibəyə qədər bu bölgənin əsas hakim hadisəsi idi:

“Amma Zəfərdən sonra isə bu bölgənin hakim hadisəsi Azərbaycanın qələbəsi və erməni təcavüzünə son qoyulmasından ibarət oldu.

Erməni təcavüzü faktorunun bu bölgədən tamamilə çıxarılması yeni hadisələrə yol açdı. Dövlətlər arasında münasibətlər yeni prinsiplər üzərində quruldu. Bura, birinci növbədə, Azərbaycan-Rusiya, Azərbaycan-İran və Azərbaycan-Ermənistan münasibətlərini aid etmək lazımdır.

Dövlətlər arasında münasibətlərin yenidən qurulması bölgədə erməni təcavüzü üzərində qələbənin əsas nəticələrindən biri oldu. Müxtəlif beynəlxalq təşkilatların bu bölgəyə münasibətləri dəyişdi. Xüsusilə də Avropa ölkələrindən olan Fransa və Almaniyanın Cənubi Qafqaza yanaşmalarında məcburi dəyişikliklər baş verdi.

Beynəlxalq təşkilatlardan Avropa Komissiyası bizim bölgəyə tamamilə yeni münasibət sərgiləməyə başladı. Bəzi Avropa təşkilatları hələ də demokratiya və insan haqları kimi gurultulu şüarların altında ayrı münasibətlər bəsləməkdə davam edirlər. Amma ümumən Avropanın strategiyasında bizim bölgənin mövqeyi və bizim bölgəyə baxışlar dəyişmiş oldu ki, bu da birbaşa Azərbaycanın Zəfəri ilə bağlıdır.

Rusiyanın Cənubi Qafqazdakı hadisələrə yanaşması böyük dəyişiklik ərəfəsindədir. Rusiyada yaxşı anlayırlar ki, erməni təcavüzünün əsas faktor olduğu dövrdəki siyasəti indi tam şəkildə davam etdirmək qeyri-mümkündür. Ən azı artıq Azərbaycan öz ərazilərini işğaldan azad edib və ölkənin daxilindəki separatçılıq yuvasını söndürüb. Ərazilərimizin azad olunması və separatçı Qarabağ bölgəsinin bir boz nöqtə kimi tam aradan qaldırılması Rusiyanın Azərbaycana münasibətdə yeni siyasət aparmasını şərtləndirən ən böyük amildir.

Ermənistan ilk mərhələdə təcavüzkarlıq faktoruna son qoyulması ilə barışmaq istəməsə də, bu gün Azərbaycanın Zəfərini tam şəkildə qəbul edib. Eyni zamanda Ermənistan təcavüzkarlığın həm də Ermənistanın özünə ziyanlı bir siyasət olduğunu bu gün öz cəmiyyətinə təlqin etməklə məşğuldur. Ermənistan bölgədə Azərbaycanın təcavüzkarı olduğu sülh prosesinin aparıcı qüvvələrindən birinə çevrilməyə məhkumdur və bununla barışmaq məcburiyyətindədir.

Bütün bunlar bölgənin yeni dövlətlərarası münasibətlər və sülh, rifah içərisində yeni bir mərhələyə keçməkdə olduğunu deməyə əsas verir. Əgər Cənubi Qafqazın bundan sonra yeni inkişaf mərhələsi sülh və əməkdaşlıq içində gedəcəksə, bunun səbəbi yalnız Azərbaycanın əldə etdiyi Zəfərdir. Bu Zəfər təkcə Azərbaycan üçün yeni səhifə açmadı, həm də bütün bölgənin sabahı üçün yeni bir pəncərənin açılması deməkdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə