Çin lideri Si Tsinpinin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş film təqdim edilib - FOTOLAR

Çin lideri Si Tsinpinin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş film təqdim edilib - FOTOLAR

Çin Xalq Respublikasının Sədri Si Tsinpinin Çinin milli mədəni irsinin qorunmasına verdiyi töhfələrə həsr olunmuş “İrsin Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimatı və nümayişi keçirilib.

SİA xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayev, “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov və “China Media Group”un Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu çıxış ediblər.

Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında filmin Azərbaycan dilində yayımlanmasından məmnunluğunu ifadə edib. O, Çin və Azərbaycan arasında qədim tarixi və zəngin sivilizasiyaya əsaslanan əlaqələrin bu gün yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Səfir qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Tsinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə iki ölkə arasında münasibətlər hərtərəfli şəkildə inkişaf edərək yeni mərhələyə qədəm qoyub və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Lu Mey bildirib ki, hazırda Çin-Azərbaycan əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə genişlənir. Mədəniyyət, təhsil, media, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilələr və digər istiqamətlərdə əməkdaşlığın dərinləşməsi xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.

Səfirin sözlərinə görə, “İrsin Keşikçisi” sənədli filmi məhz bu dostluq və qarşılıqlı anlaşma şəraitində “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün hazırlanıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və “ARB24” telekanalı da filmin Azərbaycanda yayımlanmasına dəstək göstərib.

Tədbirdə çıxış edən digər qonaqlar da filmin əhəmiyyətindən, Çin və Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından və xalqların bir-birinin milli-mədəni irsi ilə daha yaxından tanış olmasının vacibliyindən danışıblar.

Daha sonra “İrsin Keşikçisi” sənədli filmi nümayiş etdirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə