“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində həm Naxçıvanın inkişafı ilə bağlı, həm Zəngəzur dəhlizinin açılması ilə bağlı, həm də regionumuzun gələcək inkişafı ilə bağlı mühüm mesajlar verdi. Dövlət başçısı ilk növbədə təhlükəsizlik məsələsinə diqqət çəkərək qeyd etdi ki, Naxçıvandan keçəcək Azərbaycana aid bütün kommunikasiyaların və Naxçıvanın gələcəyinin təhlükəsizliyini təmin edəcək güclü ordumuz var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu, regiona verilən mühüm mesajdır:
“Yəni, əgər bu gün Naxçıvanda yeni bir era başlayırsa, Naxçıvanın iqtisadiyyatı, enerji və istehsal imkanları yenilənirsə, Naxçıvan Azərbaycanın həm iqtisadi, həm mədəni, həm də turizm mərkəzlərindən birinə çevrilirsə və eyni zamanda nəqliyyat-kommunikasiya qovşağına çevrilirsə, şübhəsiz ki, onun təhlükəsizliyini təmin edəcək güclü bir orduya ehtiyacı var və bu ordu Azərbaycan Ordusudur.
İkinci məsələ, əlbəttə ki, Azərbaycan Prezidentinin artıq Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın yeni bir tarixi mərhələyə qədəm qoyması ilə bağlı fikirləri idi. Daha doğrusu, bu, köhnə-yeni tarixi mərhələdir. Çünki 100 il bundan əvvələ qədər Naxçıvan daim Azərbaycanın iqtisadi-mədəni mərkəzlərindən biri olubdur.
Bu tarix boyu Azərbaycan Prezidenti məsələyə toxundu, Atabəylər dövlətinin adını çəkdi və çox təəssüf ki, təqribən bir əsr bundan əvvəl Naxçıvan ilə Azərbaycanın quru əlaqələri məhdudlaşdırılıb, son 35 ildə isə tamamilə kəsilib. Bu gün həmin əlaqələrin yenidən bərpasından söhbət gedir.
Üçüncü, dövlət başçısı Avropa İttifaqı ilə bağlı məsələlərə toxunarkən Naxçıvan dəmir yollarında Avropa İttifaqının iştirak etmək arzusunu dilə gətirdi. Bu da, əlbəttə ki, qarşılıqlı tərəfdaşlıq və inteqrasiya üçün mühüm mesaj idi və Azərbaycan buna öz müsbət mövqeyini bildirdi.
Və nəhayət, cənab İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kontekstində Naxçıvandan keçən marşrutların İran üzərindən Pakistana qədər uzana biləcəyi potensialından danışdı.
Mənə elə gəlir ki, ümumiləşdirsək, bu mesajlar tarixi mesajlardır. Naxçıvanın yeni tarixi mərhələyə qədəm qoyması ilə bağlı verilən mesajlardır.
Bütövlükdə Azərbaycan dövlətçiliyində yeni bir səhifənin açıldığı, yəni Naxçıvanın Azərbaycanın quru sərhədlərinin kommunikasiyalarla birləşdirilməsi tarixinin başlanması və sülh və əməkdaşlıq naminə Azərbaycanın həyata keçirdiyi işlərin təqdimatı idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB