"Qərbi Azərbaycan məsələsindən imtina etmək Azərbaycan maraqlarına uyğun deyil" - ŞƏRH

"Qərbi Azərbaycan məsələsindən imtina etmək Azərbaycan maraqlarına uyğun deyil" - ŞƏRH

"Paşinyanın çağırışı Azərbaycan maraqlarına cavab vermir. O deyir ki, biz Qarabağa qayıdaq, siz də Zəngəzura və s. qayıdışınızı təmin edin. Kənardan, neytral mövqedən baxanda bu, doğru və ədalətli yanaşma kimi görünə bilər. Amma axı biz hazırda kənardan, neytral mövqedən baxan tərəf deyilik. Biz tərəfik. Hansı tərəf? Otuz il işğala və hücuma məruz qalmış, daha sonra öz torpaqlarını azad etmiş və qalib gəlmiş tərəfik. Ən azı biz özümüzü qalib tərəf adlandırırıq və hər dəfə deyirik: qalibik, qalibik, qalibik".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, bəs qalib tərəfin göstəricilərindən biri nədir? Dünya tarixində baş vermiş müharibələrə baxsaq, görərik ki, qalib tərəf ilə məğlub tərəf arasında müharibədən sonrakı münasibətlərdə müxtəlif nümunələr olub:

"Bəzən qalib tərəf öz zəfərini diplomatik müstəvidə də təsdiqləyir. Necə? Sən döyüş meydanında savaşırsan, amma diplomatik meydanda məsələni gətirib bərabərlik müstəvisinə çıxarırsan. Halbuki əksər hallarda döyüş meydanında uduzan tərəf diplomatik masada müəyyən preferensiyalar əldə edir.

Bəs bizim preferensiyamız nə olacaq? Bağışlayın, bizim üstünlüyümüz nə olacaq, bizim qazanacağımız nə olacaq? Biz Qarabağ məsələsini bitirdik. Siz bitirmədinizsə, biz güc tətbiq etməklə sizi buna məcbur etdik. Məsələ məhz bundan ibarətdir.

İndi Paşinyan yüz dəfə desin belə, yaxud Tramp yüz dəfə desin belə. O müharibəni Paşinyan bitirməyib, Tramp da bitirməyib. O müharibəni Azərbaycan Silahlı Qüvvələri bitirib.

Yaxşı, indi deyə bilərsən ki, Ermənistan konstitusiyasını dəyişəcək, ərazi iddialarından əl çəkəcək, məsələn, Ağrı dağını öz ərazi iddialarının simvollarından çıxaracaq və s. Amma heç bunları da etməyiblər. Yaxşı, heç olmasa bunları etsinlər, sonra biz deyək ki, yaxşı, biz də Qərbi Azərbaycan məsələsini dayandıraq.

Amma bunların heç birini etməyiblər və bizdən tələb edirlər ki, siz Qərbi Azərbaycan məsələsini dayandırın, bir də Qarabağ mövzusunu gündəmdən çıxarın. Qarabağ mövzusu onsuz da bizim üçün bitib. Biz onları buna məcbur etmişik. Onlar bunu könüllü şəkildə dayandırmayıblar.

Əgər könüllü şəkildə dayandırsaydılar, əgər otuz il ərzində bizim bütün çağırışlarımızı, xahişlərimizi və tələblərimizi nəzərə alaraq bunu etsəydilər, yenə burada hansısa erməni tərəfinin mövqeyində obyektivlik tapmaq olardı. Amma belə olmadı.

Ona görə də mənim fikrimcə, ən azı Ermənistan bizim tələblərimizi yerinə yetirməyincə, konstitusiyasını dəyişməyincə, ərazi iddialarına son qoymayınca və həmin iddiaları öz qanunvericiliyindən çıxarmayınca, biz bu məsələyə yenidən baxa bilmərik.

Bütün bunlar olmamış halda “gəlin, sülhə görə bu məsələni də bitirək” və yaxud da bu istiqamətdə hər hansı başqa bir tələb irəli sürmək, təbii ki, yol verilməz bir şeydir. Biz bunu etməməliyik və inşallah, etmərik.

Hətta bəzi şəxslərin Kəlbəcər və Başkənd kimi məsələlərin dəyişdirilməsindən, bu istiqamətdə müəyyən güzəştlərdən danışdığını da görürük. Biz bu cür addımlar atsaq, yəni bütün bunlarla bərabər sülh müqaviləsi bağlasaq, bu, bizim uğursuzluğumuz olar. Yəni biz döyüş meydanında əldə etdiklərimizi diplomatik meydanda itirmiş olarıq.

Buna yol verməməliyik. Döyüş meydanında qazandığımız qələbənin davamı diplomatik meydanda da təmin olunmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə