"ABŞ-ın güzəştinə baxmayaraq, İranın mövqeyi gərginliyi artırır" - POLİTOLOQ AÇIQLADI

"ABŞ-ın güzəştinə baxmayaraq, İranın mövqeyi gərginliyi artırır" - POLİTOLOQ AÇIQLADI

"ABŞ Prezidenti Donald Trampın İrana hücumu dayandırmaq qərarı, təbii ki, Qətərin vasitəçiliyi, Türkiyənin, Pakistanın və Körfəz ölkələrinin səyləri, həmçinin İranın xarici işlər nazirinin bu ölkələrlə danışıqlara hazır olduqlarını vurğulaması ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, amma indi İran Xarici İşlər Nazirliyi rəsmi olaraq bildirir ki, ABŞ-la heç bir danışıq yoxdur və Hörmüz boğazı bağlı qalacaq: "Yəni burada ziddiyyətli vəziyyət yaranır və hesab edirəm ki, Donald Tramp İrana yenə də güzəştə gedərək diplomatiya qapısını açıq saxladı. Amma görünür ki, İranda bununla bağlı fikir ayrılığı var və onlar razılaşmaya gəlmək istəməyərək vaxt qazanmağa çalışırlar.

Nəzərə alaq ki, artıq Çin də İrana hərbi-logistik dəstək verir. Məlumatlara görə, 17-yə yaxın hərbi nəqliyyat təyyarəsi Tehrana enərək silahlar gətirib. Mən düşünürəm ki, İran tərəfinin güzəştə getməməsi və danışıqlara maraqlı görünməməsi prosesi uzatmağa və öz hərbi mövqeyini gücləndirməyə hesablanıb.

Amma ABŞ prosesləri yaxından izləyir. Donald Trampın müharibəni dayandırması və genişmiqyaslı hərbi əməliyyatlara başlamaması, təbii ki, regionda təhlükəsizlik baxımından müəyyən qədər müsbət rol oynayır. Yəni diplomatiya yolu açıq qalır. Amma İran tərəfi danışıqlara gəlməzsə, hesab edirəm ki, hərbi əməliyyatlar yenidən başlaya bilər. Trampın region ölkələrinin rəhbərləri ilə də danışıqlar aparması onu göstərir ki, ABŞ region ölkələrinin təhlükəsizliyinə də önəm verir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə