"Rusiya-Azərbaycan münasibətlərində sabitləşmə dövrü müşahidə olunur" - DEPUTAT

"Rusiya-Azərbaycan münasibətlərində sabitləşmə dövrü müşahidə olunur" - DEPUTAT

"Azərbaycan həmişə xarici siyasətində Rusiya faktoruna böyük əhəmiyyət verib və bu münasibətlərin yüksək səviyyədə olmasına çalışıb. Çünki Rusiya bizim yaxın qonşumuz və dünya siyasətində olduqca vacib rol oynayan ölkələrdən biridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, amma çox təəssüf ki, heç də həmişə Rusiya-Azərbaycan münasibətləri düz dinamik inkişaf xəttinə malik olmayıb: "Çünki Rusiya Cənubi Qafqazda yerləşən respublikaların hər birinə öz marağından və öz eynəyindən baxıb. Bu da müxtəlif tarixi dövrlərdə heç də Azərbaycanın lehinə olmayıb.

Amma Azərbaycanın israrlı dostyana münasibəti son dövrlərdə təyyarə qəzasından sonra Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi üçün imkanlar yaradıb. Əslində bunun təməli 2022-ci ildə Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı tərəflər arasında imzalanmış bəyanatda öz əksini tapıb. Amma çox təəssüf ki, 2020-ci ildən bu günə qədər də Rusiya münasibətləri enişli-yoxuşludur.

Hazırda isə son bir neçə ay ərzində Rusiya-Azərbaycan münasibətlərində bir sabitləşmə dövrü müşahidə olunur. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərindən sonra hər iki ölkənin Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlar Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün imkanlar yaradır.

Ancaq çox təəssüf ki, Cənubi Qafqazla münasibətdə Rusiyanın xarici işlər naziri Lavrov yenə də Ceyhun Bayramovla görüşü zamanı bəyan etdi ki, Rusiya 2022-ci ilə qədərki vəziyyətdə Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına, vasitəçiliyin edilməsinə, əlaqələrin yaradılmasına kömək etməyə hazırdır.

Yəni Rusiya hələ də israrla 2023-cü il sentyabr ayında həyata keçirilən lokal antiterror əməliyyatının nəticələrini qəbul etmir. Bu münasibətlər uzunmüddətli sabitləşmə mərhələsinə qədəm qoyubdur. Sadəcə Rusiyanın hazırkı vəziyyətində bu münasibətlərin Azərbaycanla yaxşılaşdırılmasına Rusiyanın ehtiyacı var".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə