"Azərbaycan diplomatik əlaqələrini ildən-ilə genişləndirən ölkələrdən biridir" - ŞƏRH
"Səfirlərin qarşılıqlı mübadiləsi dövlətlər arasında münasibətlərin və diplomatiyanın mühüm formalarından biridir. Səfirliklərin mövcud olması və digər diplomatik nümayəndəliklərin açılması ölkələr arasında münasibətlərin səviyyəsini əks etdirən əsas göstəricilərdən hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bəzi ölkələr var ki, onların digər dövlətlərdə heç zaman səfirlikləri olmur və ya səfirlik açmaqda maraqlı olmurlar:
"Bu isə həmin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin olmadığını göstərir. Həmin ölkələr bir-biri üçün arzuolunan tərəfdaş hesab edilmir. Məsələn, Azərbaycan və Ermənistan arasında hələ də diplomatik münasibətlər qurulmayıb. Bəzi ölkələr arasında isə diplomatik münasibətlərin səviyyəsi nisbətən aşağı olur. Dövlətlər bir-biri ilə yalnız konsulluqlar vasitəsilə əlaqə saxlayır, səfirliklər isə fəaliyyət göstərmir. Bu da beynəlxalq praktikada normal hallardan biri hesab olunur.
Azərbaycanın isə dünyanın mütləq əksəriyyətində səfirlikləri fəaliyyət göstərir. Çünki bəzi ölkələr, ilk növbədə Ermənistan istisna olmaqla, Azərbaycanın əksər dövlətlərlə normal diplomatik münasibətləri mövcuddur. Bu münasibətlər çərçivəsində səfirlik və konsulluq mübadiləsi həyata keçirilir və Azərbaycan həmin ölkələrlə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir.
Son günlər Azərbaycana təyin olunmuş bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrinin Prezident tərəfindən qəbul edilməsi onların indiyədək göstərdikləri fəaliyyətin müsbət qiymətləndirildiyini və gələcək fəaliyyətlərinə də etimad göstərildiyini ifadə edir.
Azərbaycan bununla nümayiş etdirir ki, həmin ölkələrlə indiyədək qurulmuş diplomatik təmaslardan məmnundur və bu münasibətlərin gələcəkdə də davam etdirilməsində maraqlıdır. Əgər bu ölkələrin fəaliyyəti ilə bağlı Azərbaycanın hər hansı ciddi iradı olsaydı, böyük ehtimalla səfirlərin etimadnamələri qəbul edilməz və proses bu mərhələyə gəlib çatmazdı.
Diplomatik praktikada adətən hər hansı ölkəyə təyin olunan səfirin namizədliyi etimadnamə təqdim edilməzdən əvvəl müxtəlif diplomatik kanallar vasitəsilə razılaşdırılır. Əgər qəbul edən dövlət həmin namizədi istəmirsə, bu barədə diplomatik kanallarla məlumat verilir və təyinat geri götürülür.
Bu gün həmin səfirlərin Azərbaycan Prezidentinin hüzurunda etimadnamələrini təqdim etməsi onu göstərir ki, Azərbaycan həmin ölkələrlə qarşılıqlı anlaşmaya əsaslanan diplomatik, siyasi, iqtisadi və digər sahələrdə sağlam münasibətlərə malikdir. Bu ölkələrin Azərbaycan üçün xüsusi əhəmiyyəti var.
Ümumiyyətlə, beynəlxalq münasibətlərdə yazılmamış bir qayda var: bir ölkə nə qədər çox dövlətlə dostluq və əməkdaşlıq münasibətlərinə malikdirsə, onun müstəqilliyi və beynəlxalq nüfuzu da bir o qədər yüksək qiymətləndirilir. Diplomatik təmasları məhdud olan ölkələr isə adətən beynəlxalq aləmdə ya təcrid olunmuş, ya da təcrid olunmağa doğru gedən dövlətlər hesab edilir. Bu baxımdan Azərbaycan belə bir təhlükə ilə üz-üzə deyil. Əksinə, Azərbaycan diplomatik əlaqələrini ildən-ilə genişləndirən və beynəlxalq əməkdaşlıq şəbəkəsini davamlı şəkildə inkişaf etdirən ölkələrdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB