"Baş Qərvənddə qurulan hər layihə gələcəyə xidmət edir" - POLİTOLOQ DANIŞDI

"Baş Qərvənddə qurulan hər layihə gələcəyə xidmət edir" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olması iki ölkə arasında dostluq münasibətlərinin nümayişi olmaqla yanaşı, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinə beynəlxalq tərəfdaşların verdiyi dəstəyin əyani ifadəsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlinin qoyulması Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma layihələrinə praktiki töhfə vermək niyyətini nümayiş etdirir:

"Baş Qərvənd kəndində həyata keçirilən layihələr göstərir ki, Azərbaycanın məqsədi təkcə dağıdılmış yaşayış məntəqələrini bərpa etməkdən ibarət deyil. Bu həm də müasir şəhərsalma prinsiplərinə əsaslanan, dayanıqlı və rahat yaşayış mühiti yaratmaqdır. Kənddə inzibati binaların, tibb məntəqəsinin, məktəbin, uşaq bağçalarının, yol və kommunal infrastrukturun inşası, alternativ enerji mənbələrindən istifadənin nəzərdə tutulması gələcək sakinlər üçün yüksək həyat standartlarının formalaşdırılmasına xidmət edir. Bu yanaşma dövlətin azad edilmiş ərazilərin uzunmüddətli sosial-iqtisadi inkişafına hesablanmış strategiyasının tərkib hissəsidir.

Slovakiya şirkətlərinin kəndin tikintisində iştirak etməsi və məktəbin Slovakiya tərəfindən hədiyyə edilməsi isə Azərbaycan-Slovakiya münasibətlərinin iqtisadi və humanitar məzmununun genişləndiyini göstərən mühüm amildir. Xüsusilə təhsil müəssisəsinin inşası gələcək nəsillərə yönəlmiş investisiya olmaqla yanaşı, müharibədən zərər çəkmiş bölgələrdə normal həyatın bərpasına verilən beynəlxalq dəstəyin rəmzi kimi də qiymətləndirilə bilər. Bu, Avropa dövlətlərinin Azərbaycanın bərpa və reinteqrasiya prosesinə marağının artdığını göstərən nümunələrdən biridir.

Baş Qərvənd layihəsinin miqyası da xüsusi diqqət çəkir. Təxminən 480 hektarlıq ərazidə iki mərhələdə həyata keçiriləcək tikinti işləri çərçivəsində minlərlə insanın yaşayacağı yüzlərlə fərdi evin inşası planlaşdırılır. Bu isə Böyük Qayıdış proqramının real sosial və iqtisadi nəticələr verən dövlət siyasəti olduğunu nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, məşğulluq imkanlarının formalaşdırılması və sosial xidmətlərin əlçatanlığı keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və davamlı şəkildə qayıdışını təmin etməyə hesablanıb.

Beləliklə deyə bilərik ki, Azərbaycan və Slovakiya prezidentlərinin Baş Qərvənd kəndinə birgə səfəri diplomatik protokol tədbirindən daha geniş məna daşıyır. Bu səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa siyasətinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini, regionun inkişafının artıq konkret layihələr və beynəlxalq əməkdaşlıq platformaları üzərində qurulduğunu göstərir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə