İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib.
SİA xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb.
Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.
Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.
Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.
Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.
Dövlət başçısına "Əbədiyyatın səsi" əsəri barədə məlumat verilib.
Bildirildi ki, bu heykəltəraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir.
Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub.
Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir.
Abidənin müəlifi Əməkdar rəssam Rəşad Mehdiyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB