“Müharibələr dünya iqtisadiyyatında sosial bərabərsizliyi dərinləşdirir” – POLİTOLOQ

“Müharibələr dünya iqtisadiyyatında sosial bərabərsizliyi dərinləşdirir” – POLİTOLOQ

"Dünyada baş verən müharibələr qlobal iqtisadiyyata ciddi təsir göstərir. Silahlı münaqişələr təchizat zəncirlərinin pozulmasına səbəb olur ki, bu da son nəticədə xüsusilə əsas istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə nəticələnir" . Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun özlərin görə, qiymət artımı isə ilk növbədə inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir, yoxsulluğun səviyyəsini yüksəldir və cəmiyyətdə sosial bərabərsizliyi daha da dərinləşdirir:

"Yoxsullarla varlılar arasındakı fərqin böyüməsi isə sosial sabitlik üçün ciddi təhlükə yaradır.

Son illər inkişaf etməkdə olan bir sıra ölkələrdə böhranların və vətəndaş müharibələrinin artmasının əsas səbəblərindən biri də məhz iqtisadi çətinliklərdir. Dünyada baş verən geosiyasi proseslər bu problemləri daha da ağırlaşdırır. Təəssüf ki, qlobal vəziyyət yaxşılaşmaq əvəzinə mürəkkəbləşir. Müharibələrin sayı artır, iqtisadi böhranlar dərinləşir və aparıcı iqtisadiyyatlarda belə gözlənilən artım templəri müşahidə olunmur.

Bu amillər dünya iqtisadiyyatının inkişaf sürətinə mənfi təsir göstərir və yaxın gələcəkdə daha ciddi iqtisadi problemlərin yaranması ehtimalını artırır.

Mövcud vəziyyəti iqlim dəyişiklikləri də daha da ağırlaşdırır. Xüsusilə Avropa ölkələrində müşahidə olunan ekstremal isti hava şəraiti kənd təsərrüfatına mənfi təsir göstərir, məhsuldarlığı azaldır və nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsinə səbəb olur.

Beynəlxalq təşkilatlar və hökumətlər bu problemlərin həlli istiqamətində müxtəlif addımlar atsalar da, dünya siyasətində hökm sürən parçalanma və ayrı-ayrı dövlətlərin daha çox öz milli maraqlarını üstün tutması qlobal problemlərin vahid yanaşma ilə həllinə imkan vermir. Məhz buna görə də dünya iqtisadiyyatı və beynəlxalq təhlükəsizlik sistemi hələ də ciddi çağırışlarla üz-üzə qalmaqda davam edir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə