“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə yeni məzmun qazanıb. İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin mətbuata verdikləri bəyanatlar da bunu bir daha təsdiqlədi. Çıxışlarda əsas diqqət əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regionun gələcək inkişaf perspektivlərinə yönəldildi”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər hazırda çox fəal inkişaf mərhələsindədir:
”Onun sözlərinə görə, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri tərəflərin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirir. Dövlət başçısı bildirdi ki, münasibətlər qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanır.
Bəyanatlarda enerji sahəsində əməkdaşlıq xüsusi yer tutdu. Prezident İlham Əliyev qeyd etdi ki, son illərdə Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən əsas tərəfdaşlardan biridir. Eyni zamanda, yaşıl enerji layihələrinin gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratdığı da vurğulandı.
Görüş zamanı təkcə enerji deyil, nəqliyyat, rəqəmsal inkişaf və regional bağlantılar məsələləri də müzakirə olundu. Avropa Komissiyası Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına dəstək məqsədilə yeni maliyyə təşəbbüsü irəli sürdü. Bu addım regionda iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirildi.
Ursula fon der Lyayen çıxışında bölgədə sülh istiqamətində əldə olunan irəliləyişləri yüksək qiymətləndirdi. O bildirdi ki, dayanıqlı sülh Cənubi Qafqaz üçün yeni inkişaf imkanları yaradır. Avropa İttifaqının bu prosesi dəstəkləməyə hazır olduğu da xüsusi vurğulandı.
iyulun 1-də səsləndirilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır. Bu gün tərəflər nəqliyyat, yaşıl enerji, rəqəmsal inkişaf, iqtisadi əlaqələr və regional əməkdaşlıq kimi mühüm istiqamətlərdə də birgə fəaliyyət göstərmək niyyətindədirlər.
Bütün bunlar Azərbaycanın regionun etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi isə həm ölkəmiz, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf perspektivləri yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB