İsrail türk dünyası ilə qarşıdurmadan zərər görəcək - TƏHLİL

İsrail türk dünyası ilə qarşıdurmadan zərər görəcək - TƏHLİL

Netanyahu hakimiyyətinin "erməni soyqırımı"nı tanımaqla bağlı qərarı İsrail üçün fəlakət yaradacaq

Türkiyə hakimiyyəti, onun rəhbərliyi İsrail iqtidarını qınaması haqlı və əsaslıdır. Çünki Netanyahu hakimiyyəti Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə xidmət edən qanlı müharibələr həyata keçirir, xüsusilə də, Livanda, Qəzzada, Yəməndə müsəlmanlara qarşı bəşəri cinayətlər törədir. İsrail ordusu Qəzzada iki il apardığı müharibədə 70 mindən çox insanın öldürüldüyünü etiraf edib. 2023-cü ilin oktyabrın 7-dən sonra İsrailin Qəzada həyata keçirdiyi soyqırımı aktı zamanı 75 minə yaxın dinc sakin öldürülüb. Ölənlər arasında qocalar, uşaqlar, qadınlar çoxluq təşkil edirlər. Ümumilikdə 34 min 345 uşaq İsrailin bombardmanlarının qurbanı olub. Qəzzanın Səhiyyə Nazirliyi öldürüldüyü qeydə alınan şəxslərin adlarını və yaşlarını dərc edir. Nazirlik ölənlərin sayının 71 mindən çox olduğunu bildirir. Bu rəqəmə ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonra İsrail hücumları nəticəsində həlak olan 480-dən çox şəxs də daxildir.Nazirlik, həmçinin, Qəzzada dağıntılar altında hələ də minlərlə insan nəşinin qaldığını bildirib İsrail hakimiyyətinin amansız qətliamları dünya birliyini sarsıdıb. 21 noyabr 2024-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Qallantın Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmasına qərar verib. Bu barədə yayılan məlumatda dedyilir: "Beynəlxalq Cinayət Məhkəməsinin I Məhkəməyə qədərki Palatası ("Məhkəmə") iki şəxs, Benyamin Netanyahu və Yoav Gallant üçün ən azı 8 oktyabr 2023-cü il tarixindən ən azı 20 may 2024-cü il tarixinədək, yəni Prokurorluğun həbs qərarı üçün ərizələr verdiyi günə qədər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətdiklərinə görə həbs qərarı verdi". Təbii ki, əgər Benyamin Netanyahu və Yoav Gallant Beynəlxalq Cinayət Məhkəməsinin tərəfdaşı olan 60 ölkədən birinə səfər edərsə həbs oluna bilər. Hələlik isə Benyamin Netanyahu və Yoav Gallant ölkələrində hakimiyyətlərinin şineli arxasında gizlənirlər. ABŞ-ın hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq hələ də soyqırımı siyasətini Qəzzada, Beyrutda davam etdirir.

Türkiyə nə fars-molla rejimi, nə də ərəb ölkələri deyil...

Haqlı olaraq Türkiyə dövləti Təl-Əvivi ittiham edir, Qəzzada, Beyrutda qırğınların dayandırmasına təsir etməsi üçün dünya birliyinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Bu isə insanlıq əleyhinə cinayətlər törədən İsrail hakimiyyətinin maraqlarına cavab vermir. Onlar hesab edirlər ki, kütləvi qətliamlarına müsəlman dünyası, eləcə də Türkiyə göz yummalıdır. Ancaq yanılırlar. Türkiyə müsəlmanların müdafiəsi istiqamətində səylərini davam etdirir. Hətta Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, lazım gələrsə Qüdsə, Qəzzaya, Beyruta daxil olaraq müsəlmanların müdafiəsini təşkil edəcəklər. Belə hal baş versə, Netanyahu hakimiyyətinin, ümumiyyətlə isə İsrail dövlətinin sonu ola bilər. Çünki Türkiyə nə fars-molla rejimi, nə də ərəb ölkələri deyil. Türkiyə dünyanın super gücünə malik qüdrətli dövlətdir. Hərbi qüvvələrə əmr verilərsə, 3-4 günə İsrail tarixin arxivinə göndərilər. Bunu heç şübhəsiz ki, yəhudi dövlətinin başbilənləri də anlayırlar. Ona görə də, müxtəlif siyasi məzhəkələri, qondarma qərarları, şou xarakterli açıqlamaları ilə Türkiyəni mövqeyindən çəkindirməyə çalışırlar. Hesab etmək olar ki, İsrail hakimiyyətinin qondarma "Erməni soyqırımı"nı tanımaq barədə qərarı rəsmi Ankaradan gözlənilən zərbələrin qarşısını almağa hesablanıb.

İsrail Nazirlər Kabinetinin 28 iyunda 1915-ci il Osmanlı hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini təsdiqləməsi Təl-Əvivin vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycan hər zaman olduğu kimi, yenə də dost, qardaş Türkiyənin yanındadır. Azərbaycan Xarici İşlər Nazirliyi 29 iyun tarixli şərhində qərarın "ciddi narahatlıq doğurduğunu" bildirib.

Rəsmi Bakının mövqeyinə görə, "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması" və "mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi" qəbuledilməzdir.

Bəyanatda vurğulanır ki, "bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir" və regionda davamlı sülh səylərinə mane olur. Azərbaycan İsraili qərara yenidən baxmağa çağırıb və özünün "tarixi həqiqətlərin müdafiəsi" xəttini davam etdirəcəyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi isə 28 iyun tarixli bəyanatında İsrail hökumətinin bu qərarla ilə "öz cinayətlərini ört-basdır etməyə" çalışdığını qeyd edib və addımı "hüquqi və tarixi faktları nəzərə almayan" siyasi qərar olduğunu vurğulayıb: "Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik şəkildə zülm edən və Qəzza xalqına qarşı soyqırımına görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi motivli qərar qəbul etməklə öz cinayətlərini ört-basdır etməyi hədəfləyir".
Nazirlik həmçinin bəyanatda qeyd edib ki, İsrail hakimiyyəti tərəfindən hüquqi və tarixi faktları nəzərə almadan qəbul edilən bu qərar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən fələstinlilərə qarşı törədilmiş cinayətlərin araşdırılması ilə əlaqədar barələrində həbs qərarı olan Baş nazir Benyamin Netanyahu və onun əlbirlərinin acınacaqlı vəziyyətini göstərir.
"Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini xüsusən də Fələstin xalqı başda olmaqla mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmaqda davam edəcək", - deyə bəyanatda bildirilib.

Azərbaycan Türkiyəyə dəstəyini əsirgəmir

Azərbaycanda fəaliyyət göstərən ictimai, siyasi təşkilatlarda İsrail hakimiyyətinin "erməni soyqırımı"nı tanımasına sərt etirazlarını bildirirlər. Hətta Azərbaycanda fəaliyyət yaşayan yəhudilər, ictimai təşkilatlarda Hetanyahu hakimiyyətini erməni maraqlarına xidmət edən qərarını pisləyirlər. Azərbaycanda fəaliyyət göstərən 3 yəhudi icmasının rəhbərləri İsrail parlamentinin - Knessetin üzvlərinə müraciət edərək qondarma erməni soyqırımının tanınması ilə bağlı təşəbbüsə dəstək verməməyə çağırıblar.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Seferad Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan müraciətdə bildirilib ki, sözügedən təşəbbüs Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.

Müraciətdə vurğulanır ki, Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi diasporlarından biridir və əsrlər boyu yəhudilər Azərbaycan torpağında sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Qeyd olunur ki, ölkədə yəhudilər öz dini etiqadlarını, milli kimliklərini və ənənələrini sərbəst şəkildə qoruyub-saxlayıblar. İcma rəhbərləri tərəfindən imzalanan sənəddə Azərbaycanın yəhudi həyatının azad şəkildə inkişaf etdiyi, dövlət və cəmiyyət tərəfindən yəhudi icmasına hörmət və dəstəyin göstərildiyi nadir ölkələrdən biri olduğu xüsusi qeyd edilir.

Müraciət müəllifləri, həmçinin son onilliklər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirirlər. Onların fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də yəhudi dövləti ilə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkə arasında qarşılıqlı hörmət və ortaq maraqlara söykənən uğurlu əməkdaşlıq nümunəsidir.

İcma rəhbərləri təəssüflə qeyd edirlər ki, İsrail hökuməti 111 il əvvəl baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınmasını dəstəkləməsi barədə qərar qəbul edib və məsələnin yaxın vaxtlarda Knessetin müzakirəsinə çıxarılması gözlənilir.

Onların fikrincə, belə bir təşəbbüsün məhz regionda uzun illər davam edən gərginlikdən sonra real sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə ümid yarandığı bir dövrdə gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur.

Müraciətdə vurğulanır ki, üçüncü dövlətlərin bu cür həssas tarixi məsələlərlə bağlı siyasi addımları sülh prosesini çətinləşdirə və xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət etməyə bilər.

İcma rəhbərləri hesab edirlər ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır. Onların fikrincə, bu məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında lazımsız gərginlik yarada bilər.Müraciətdə Azərbaycan yəhudi icmasının nümayəndələri olaraq şahidlik etdiklərini bildirirlər ki, Azərbaycan dövləti hər zaman öz yəhudi vətəndaşlarına hörmət və qayğı ilə yanaşıb, Azərbaycan-İsrail münasibətləri isə dostluq, etimad və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub.Bu səbəbdən onlar Knesset üzvlərinə müraciət edərək müdriklik və məsuliyyət nümayiş etdirməyə, qondarma erməni soyqırımının tanınması təşəbbüsünü dəstəkləməməyə çağırıblar.

Müraciətdə qeyd olunur ki, belə bir qərar nə İsrail dövlətinə fayda gətirəcək, nə də sülh və qarşılıqlı anlaşmaya xidmət edəcək. Əksinə, bu addım İsrailə hər zaman şərtsiz dost münasibəti bəsləyən insanların məyusluğuna səbəb ola bilər.

Sənədin sonunda müəlliflər Knesset üzvlərinə ümid etdiklərini bildirirlər ki, onlar qərar qəbul edərkən tarixi məsuliyyət, dövlətçilik prinsipləri, eləcə də dost xalqlar və dövlətlərlə münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi amillərini əsas götürəcəklər.

Bütün bunlar onu deməyə əsas verir ki, İsrail hakimiyyəti "erməni soyqırımı" nı tanınması barədə qərar qəbul etməklə, kobud yanlışlığa yol verib. Hansı ki, bu yanlışlığın cəzası çox ağır ola bilər. Hətta İsrail Türk dünyasının səyi ilə dünya birliyindən hər sahə üzrə tədric olunar. Bunla da Təl-Əviv böyük fəlakətlərlə üzləşər. Ona görə yaşamaq və mövcudluğunu qoruyub, saxlamaq istəyirsə İsrail hakimiyyəti tez bir zamanda səhvini etiraf edib, Türkiyə xalqından üzr istəməli və qərarını geri götürməlidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə