"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində müəyyən şərtlər daxilində yeni mərhələnin əsasını qoya bilər. Bununla belə, hesab edirəm ki, Ursula fon der Lyayenin Bakı və İrəvana səfəri daha çox Ermənistanın maraqlarına hesablanmış səfərdir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəsmi açıqlamasında Qafqaz səfərinin əsas gündəliyinə daxil edilən dörd prioritet istiqamətin böyük hissəsi məhz Ermənistanın maraqları ilə bağlıdır:
"Burada yalnız iki məsələni Azərbaycanın Vətən müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi reallıqların nəticəsi kimi qiymətləndirmək olar. Bunlar Azərbaycan-Ermənistan sülh prosesinin sürətləndirilməsi və Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu üzrə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsidir.
Bu istiqamətlər məhz Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar nəticəsində gündəmə gəlib. Təəssüf ki, Avropa İttifaqı bunu açıq şəkildə Azərbaycanın uğuru kimi etiraf etməkdən çəkinir və bu proseslərdə Ermənistanı da əsas tərəflərdən biri kimi təqdim etməyə çalışır.
Digər prioritetlər isə Ermənistanın üzləşdiyi iqtisadi problemlərin həllinə dəstək göstərilməsi və Rusiyanın bölgədə iqtisadi təsirlərinin mənfi nəticələrinin azaldılması ilə bağlıdır. Bu məsələlərin hər ikisi daha çox Ermənistanın maraqlarına xidmət edir. Azərbaycanın isə Rusiya ilə iqtisadi münasibətlərində ciddi problem yoxdur. Ayrı-ayrı siyasi məsələlərdə fikir ayrılıqları mövcud olsa da, iqtisadi əməkdaşlıq normal şəkildə davam edir və münasibətlər əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə inkişaf edir.
Eyni zamanda, Ermənistan iqtisadiyyatının dəstəklənməsi də sırf həmin ölkənin maraqlarına xidmət edən məsələdir. Bu baxımdan, Ursula fon der Lyayenin Cənubi Qafqaza səfərini əsasən Ermənistanın maraqlarına yönəlmiş səfər kimi qiymətləndirmək olar. Bakıya səfəri isə müəyyən mənada regional balans görüntüsü yaratmaq məqsədi daşıyır.
Bununla yanaşı, Ursula fon der Lyayenin Bakıya səfərini tamamilə əhəmiyyətsiz hesab etmək də doğru olmaz. Bu səfər Azərbaycan ilə Avropa strukturları arasında münasibətlərin normallaşması üçün yeni imkanlar yarada bilər. Xüsusilə də Avropa İttifaqının özündən qaynaqlanan bəzi qərəzli yanaşmaların aradan qaldırılması baxımından bu səfərin müəyyən müsbət təsiri ola bilər.
Digər mühüm məsələ Azərbaycanın Avropaya yönəlik enerji siyasətidir. Avropa İttifaqı nəzərə almalıdır ki, Azərbaycanın Avropaya enerji ixracını daha da artırması üçün yalnız siyasi dəstək deyil, həm də maliyyə və hüquqi mexanizmlərin sürətləndirilməsi vacibdir. Azərbaycan iki il əvvəl Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalayıb və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin Avropa strukturları enerji layihələrinin maliyyələşdirilməsi və hüquqi bazasının formalaşdırılması istiqamətində kifayət qədər operativ davranmır, bəzi hallarda isə bu prosesləri ləngidən addımlar atır.
Əgər Ursula fon der Lyayenin Bakı səfəri Avropanın bu nöqsanlı yanaşmasının dəyişməsinə, enerji əməkdaşlığının genişlənməsinə və Azərbaycan–Avropa münasibətlərinin daha sağlam əsaslar üzərində inkişafına töhfə verərsə, o zaman bu səfəri tarixi əhəmiyyət daşıyan səfər kimi qiymətləndirmək mümkündür.
Bununla belə, hesab edirəm ki, bu səfər Ursula fon der Lyayen üçün asan keçməyəcək. Çünki Azərbaycan Prezidenti ilə keçiriləcək görüşlərdə ölkəmizin maraqları, Avropa strukturlarının Azərbaycana münasibəti və gələcək əməkdaşlığa dair kifayət qədər prinsipial mesajların veriləcəyi gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB