"Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli bərabərhüquqluluq prinsiplərinə söykənir" - ŞƏRH

"Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli bərabərhüquqluluq prinsiplərinə söykənir" - ŞƏRH

“Azərbaycanla Türkmənistan dost və qardaş ölkələrdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir:

"Səfər çərçivəsində keçirilən görüşlərdə aparılan müzakirələr, liderlərin mətbuata bəyanatlarında ifadə etdikləri fikirlər bir daha təsdiqləyir ki, ikitərəfli gündəlik kifayət qədər geniş əhatə dairəsinə malikdir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edilib və əməkdaşlığın gələcək inkişafı yolları müəyyənləşdirilib.

Geosiyasi subyektlər olaraq Azərbaycanla Türkmənistanı ortaq məxrəcə gətirən çoxlu sayda regional və qlobal miqyaslı amillər sadalamaq mümkündür. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə dövlətlər özlərinin milli maraqlarını, təhlükəsizliyini təmin etmək üçün etibarlı tərəfdaşlarının çox olmasına böyük səy göstərirlər. Lakin Azərbaycanla Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyil. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bir qayda olaraq anşlaqla keçir və yaddaşlarda silinməz izlər buraxır. Bu mənada, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. “Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər...Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir.

Qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək vermələri də çox qürurvericidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ötən il iyul ayında ölkəmizdə səfərdə olarkən Füzuli şəhərində Türkmənistanın hədiyyəsi kimi məscid tikilməsini təklif edib. Oktyabr ayında isə TDT-nin Qəbələ şəhərində keçirilən Zirvə görüşündə həmin məscidin onlayn formatda təməli atılıb. Məlumdur ki, postmüharibə dövründə dost dövlətlər, xüsusilə də türk ölkələri bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub. Özbəkistan Füzulidə məktəb inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva 2023-cü il 23 avqust tarixində Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. 2024-cü il mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dost ölkə tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub. Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, ötən il 3 iyul tarixində Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.Bütün bunların fonunda Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu səfər zamanı işğaldan azad edilmiş Qarabağı ziyarət etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir.

Eyni zamanda, Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir. Hesab edirəm ki, Türkmənistan Prezidentinin səfəri zamanı mübadilə edilən sənədlər iki ölkə arasında əlaqələrin gələcək inkişafına güclü təkan verəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə