"Orta Dəhlizdə Azərbaycan–Türkmənistan əməkdaşlığının rolu böyük əhəmiyyət daşıyır" - ŞƏRH

"Orta Dəhlizdə Azərbaycan–Türkmənistan əməkdaşlığının rolu böyük əhəmiyyət daşıyır" - ŞƏRH

"Azərbaycanla Türkmənistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi regionumuzun iqtisadi inteqrasiya baxımından olduqca mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, son illərdə qlobal təchizat zəncirində baş verən dəyişikliklər, ənənəvi tranzit marşrutlarında yaranan risklər və Asiya–Avropa ticarət dövriyyəsinin artması Xəzər hövzəsi ölkələrinin rolunu əhəmiyyətli dərəcədə yüksəldir:

"Məlumdur ki, yerləşdiyimiz region həm Şimal–Cənub, həm də Şərq–Qərb dəhlizlərinin üzərində yerləşir. Xüsusilə Orta Dəhliz ölkələrindən biri kimi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də geostrateji əhəmiyyəti getdikcə artır.

Bu kontekstdə Azərbaycan və Türkmənistan ərazilərində Bakı və Türkmənbaşı limanlarının fəaliyyətinin daha sıx əlaqələndirilməsi, Ro-Ro daşımalarının genişləndirilməsi, logistika xidmətlərinin rəqəmsallaşdırılması və Orta Dəhliz üzrə yük axınının artırılması strateji əhəmiyyət daşıyır. Burada xüsusilə Ro-Ro daşımalarına toxunmaq lazımdır. Ro-Ro daşımaları dedikdə, yük avtomobillərinin, qoşqu və yarımqoşquların, avtomobillərin və digər təkərli nəqliyyat vasitələrinin gəmiyə öz təkərləri üzərində daxil olub çıxması prinsipi ilə həyata keçirilən dəniz nəqliyyatı nəzərdə tutulur.

Xüsusilə qeyd etmək lazımdır ki, Orta Dəhliz üzrə yükdaşımaların artırılması Azərbaycanın tranzit gəlirlərinin yüksəlməsinə, nəqliyyat sektoruna investisiyaların cəlb edilməsinə və logistika xidmətləri bazarının genişlənməsinə səbəb ola bilər. Türkmənistan üçün isə bu əməkdaşlıq ölkənin ixrac imkanlarının genişlənməsi və beynəlxalq bazarlara çıxışının şaxələndirilməsi baxımından mühüm imkanlar yaradır.

Bundan əlavə, iki ölkə arasında elektron sənəd dövriyyəsinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və vahid logistika həllərinin hazırlanması yükdaşımaların maya dəyərinin azalmasına və daşımaların müddətinin qısalmasına gətirib çıxara bilər.

Müasir dövrdə rəqabət yalnız yol infrastrukturunun inkişafı ilə deyil, həm də ucuz, əlçatan, keyfiyyətli xidmət və çevikliklə müəyyən olunur. Qarşıda duran əsas vəzifə təkcə infrastrukturun inkişafı deyil, həm də yük axınının davamlı şəkildə təmin edilməsidir. Bunun üçün siyasətlərin koordinasiyası, tranzit prosedurlarının optimallaşdırılması və beynəlxalq daşıyıcılar üçün əlverişli biznes mühitinin formalaşdırılması çox vacibdir.

Azərbaycan və Türkmənistan arasında nəqliyyat və logistika əməkdaşlığının dərinləşdirilməsi təkcə iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Ümumilikdə, bu fonda Çindən Avropaya daşına biləcək yük dövriyyəsi təmin olunarkən, hazırda bildiyiniz kimi, bu marşrut üzrə daşımalar təxminən 20–25 gün çəkir. Lakin həm texniki, həm iqtisadi, həm də hüquqi-institusional təkmilləşdirmələr aparılarsa, bu müddət əhəmiyyətli dərəcədə azaldıla bilər və nəticədə Çindən Avropaya yük daşımalarının 6–11 gün ərzində həyata keçirilməsi mümkün olar".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə