“Müzakirə etdiyimiz qanun layihəsi media və yayım sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və müasir çağırışlara uyğun institusional çərçivənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, rəqəmsal transformasiya, sosial şəbəkələrin təsirinin artması və süni intellekt texnologiyalarının inkişafı media sahəsində yeni reallıqlar yaradıb və bu, qanunvericilikdə də uyğunlaşmanı zəruri edir.
Onun sözlərinə görə, ənənəvi media formaları arasında sərhədlərin zəifləməsi artıq qaçılmaz prosesdir və gələcəkdə bu tendensiya daha da güclənəcək.
Elçin Mirzəbəyli vurğulayıb ki, dəyişən media mühitində əsas sabit element yaradıcı insan amilidir və peşəkar jurnalistikanın qorunması prioritet istiqamət olmalıdır.
Deputat qeyd edib ki, qlobal rəqəmsal platformaların reklam bazarında üstünlük qazanması yerli media subyektləri üçün ciddi çağırışlar yaradır.
Onun sözlərinə görə, daxili reklam bazarının qorunması və inkişafı həm iqtisadi, həm də informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Elçin Mirzəbəyli əlavə edib ki, müasir dövrdə jurnalistika keyfiyyət böhranı ilə üz-üzədir və araşdırma, reportaj və analitik janrların zəifləməsi müşahidə olunur.
Deputat bildirib ki, yeni yaradılan institutlar yalnız media subyektlərinin iqtisadi dayanıqlığını deyil, həm də jurnalistikanın janr müxtəlifliyinin, müəllif məktəblərinin və peşəkar standartların qorunmasına xidmət etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB