“Medianın əsas vəzifəsi fəaliyyətini hüquqi və peşəkar standartlara uyğun qurmaqdır” - EKSPERT DANIŞDI

“Medianın əsas vəzifəsi fəaliyyətini hüquqi və peşəkar standartlara uyğun qurmaqdır” - EKSPERT DANIŞDI

“Dünya təcrübəsində yazılı mətbuatı tənzimləyən müxtəlif qurumlar fəaliyyət göstərir. Bunlar Azərbaycandakı Mətbuat Şurasına bənzər təşkilatlardır. Belə qurumlar əsasən qəzetlər və ictimaiyyət arasında yaranan mübahisələrin həlli, vətəndaş şikayətlərinin araşdırılması və jurnalist etikası prinsiplərinin qorunması ilə məşğul olurlar. Bu baxımdan onlar ombudsman institutu və etik kodeks mexanizmləri kimi medianın özünütənzimləmə sisteminin mühüm elementləri hesab edilir”.
Bu sözləri SİA-ya açıqlamasında Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, televiziya və radio yayımının tənzimlənməsi isə daha çox dövlət qurumlarının səlahiyyətinə aid edilir:

”Bunun əsas səbəbi elektron medianın fəaliyyətinin daha mürəkkəb xarakter daşımasıdır. Burada tezliklərin idarə olunması, dövlət resurslarından istifadə, informasiya təhlükəsizliyi və milli maraqların qorunması kimi mühüm məsələlər mövcuddur. Bu səbəbdən televiziya və radio yayımına nəzarət adətən dövlət qurumları tərəfindən həyata keçirilir.

Azərbaycanda son illərdə yaradılan media sahəsinə məsul dövlət qurumları da məhz bu istiqamətdə fəaliyyət göstərir. İnternet mediasının, xəbər saytlarının və rəqəmsal platformaların sürətlə inkişaf etməsi nəticəsində ənənəvi media ilə yeni media arasında sərhədlər xeyli zəifləyib. Bu isə media məkanında tamamilə yeni reallıq formalaşdırıb.

Məhz buna görə də müxtəlif media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və ya müəyyən sahələr üzrə birləşdirilməsi ilə bağlı müzakirələrin aparılması müəyyən məntiqə əsaslanır. Çünki əsas məqsəd medianın bütün istiqamətləri üzrə fəaliyyətinin daha səmərəli şəkildə tənzimlənməsidir. Buraya həm internet mediası və xəbər saytları, həm də televiziya və radio yayımı daxildir.

Belə təşəbbüslərin ortaya çıxması həm beynəlxalq təcrübəyə, həm də mövcud hüquqi və ictimai zərurətə əsaslanır. Müasir media mühitində əsas vəzifə müxtəlif platformalarda fəaliyyət göstərən medianın hüquqi çərçivədə, peşəkar standartlara uyğun və cəmiyyətin maraqlarına xidmət edən şəkildə fəaliyyətini təmin etməkdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə