“Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etməsi hər iki ölkənin maraqlarına uyğundur” - ŞƏRH

“Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etməsi hər iki ölkənin maraqlarına uyğundur” - ŞƏRH

“Bu gün Azərbaycan tarixinin ən şanlı və qürurverici dövrlərindən birini yaşayır. Ölkəmiz siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlarla regionun aparıcı dövlətlərindən birinə çevrilib. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, milli maraqlara əsaslanan daxili və xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dövlətimizin artan nüfuzu, iqtisadi potensialı və strateji əhəmiyyəti dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir:

“Azərbaycan bu gün müstəqil və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurur. Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəal fəaliyyəti, qlobal təşəbbüslərdə iştirakı və mühüm layihələrin həyata keçirilməsində oynadığı rol onun beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq sahələrində Azərbaycan mühüm aktora çevrilib.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər də qarşılıqlı maraqlar və əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. İki ölkə arasında enerji, təhlükəsizlik, iqtisadiyyat, ticarət və regional sabitlik məsələləri üzrə əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin inkişafında müxtəlif dövrlərdə ABŞ administrasiyalarının həyata keçirdiyi siyasətin mühüm rolu olub.

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi dövrlərdə də Azərbaycan-Amerika münasibətlərinin inkişafı diqqət mərkəzində saxlanılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və regional təhlükəsizliklə bağlı məsələlərdə fikir mübadiləsinin aparılması iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verib. Azərbaycan hər zaman ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olub və bu istiqamətdə atılan addımlar müsbət nəticələr verib.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, etibarlı tərəfdaş kimi tanınan və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirdiyi strateji layihələr və qurduğu möhkəm beynəlxalq əlaqələr gələcək inkişaf üçün də güclü zəmin yaradır. Azərbaycan ilə ABŞ arasında münasibətlərin daha da inkişaf etməsi isə həm iki ölkənin maraqlarına, həm də regionda sabitlik və əməkdaşlığın güclənməsinə xidmət edən mühüm amillərdən biridir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə