Alman avtomobil istehsalçıları Rusiya bazarına qayıtmaqda maraqlıdır

Almaniyanın avtomobil sənayesi nümayəndələri Rusiya bazarına qayıdış perspektivində maraqlı olduqlarını bildirirlər. Bu barədə Almaniya Bundestaqında təmsil olunan sağçı populist partiya olan Alternative für Deutschland (AfD)-nin parlament qrupunun sədr müavini və xarici siyasət üzrə eksperti Markus Frohnmaier açıqlama verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniya istehsalçıları Rusiya bazarında Çin şirkətləri ilə rəqabət aparmağa hazırdırlar. Frohnmaier bildirib ki, Alman avtomobillərinin yenidən Rusiya bazarında mövqelərini gücləndirməsi həm iqtisadi, həm də kommersiya baxımından maraqlı ola bilər.

“Bu, şübhəsiz ki, biznes baxımından maraqlı olardı. Bazarın açılması da vacibdir, çünki istəyirik ki, Rusiyadakı insanlar gələcəkdə Çin məhsulları deyil, Mercedes avtomobillərindən istifadə etməyə davam etsinlər”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, Alman avtomobil sənayesinin Rusiya bazarına qayıtmaq istəyinin əsas səbəblərindən biri son illərdə Çin istehsalçılarının ölkədə sürətlə güclənməsidir. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra Çin markalarının Rusiya avtomobil bazarındakı payı əhəmiyyətli dərəcədə artıb.

Bu mövzuya münasibət bildirən Sergey Lavrov da qeyd edib ki, Alman avtomobil istehsalçıları Rusiya bazarında əvvəlki mövqelərini itiriblər və hazırda Çin avtomobilləri ölkədə ən populyar nəqliyyat vasitələri sırasındadır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə